Yasamalda qanvermə aksiyası keçirildi
Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə talassemiyadan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə “Talassemiyasız həyat naminə” adlı qanvermə aksiyası keçirilib.
XALQ xəbər verir ki, aksiya “Şəhərsalma və memarlıq ili” çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankının dəstəyi ilə Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil edilib.
Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutan aksiyada Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının, YAP Yasamal rayon təşkilatının əməkdaşları, partiya üzvləri, Yasamal Bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə və müəllim heyəti, səhiyyə müəssisələrinin və rayonun kommunal xidmət sahələrinin kollektivləri iştirak ediblər.
Mərkəzin tibbi briqadası bu aksiyada iştirak edənləri ilkin müayinədən keçirdikdən sonra qanvermə baş tutub. Ölkənin qan ehtiyatlarını artırmaq məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinin və digər yerli idarə və təşkilatların əməkdaşları növbə ilə qan veriblər.
Səhiyyə Nazirliyi Respublika Qan Bankının “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutan bu qanvermə kampaniyası Yasamal rayonunda mütəşəkkil qaydada ənənə xarakteri alıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış, bu sahədə müvafiq qanunlar qəbul edilib.
Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ildən çoxdur ki, ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.
















