Azərbaycanın yeni dünya düzənində tutduğu mövqeyi uğurla nümayiş olunur
Prezident İlham Əliyevin Davosda “Euronews” kanalına müsahibəsi: Azərbaycanın qlobal mövqeyinin strateji təqdimatı
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə Azərbaycanın regional gücdən qlobal dialoq iştirakçısına çevrildiyini nümayiş etdirən mühüm siyasi mesajlarla yadda qaldı.
Müsahibə təkcə ölkəmizin mövcud reallıqlarını təqdim etməklə kifayətlənməyib, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını, beynəlxalq münasibətlərdə tutduğu balanslı mövqeni və yeni geosiyasi reallıqlara baxışını aydın şəkildə ortaya qoydu.
Müsahibədə əsas diqqət çəkən məqamlardan biri Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursu oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan heç bir geosiyasi blokun təsiri altında hərəkət etmir, öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Bu yanaşma xüsusilə mürəkkəb beynəlxalq şəraitdə ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirən əsas amillərdəndir.
Dövlət başçısı müsahibədə enerji təhlükəsizliyi mövzusuna da geniş yer ayırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun artması, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin əhəmiyyəti xüsusi vurğulandı. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda etibarlı və uzunmüddətli tərəfdaş olduğunu beynəlxalq auditoriyaya bir daha çatdırdı. Analitik baxımdan bu, Azərbaycanın enerji siyasətinin təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik ölçülərinə malik olduğunu göstərir.
Müsahibənin mühüm istiqamətlərindən biri də post-münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi siyasət oldu. Prezident İlham Əliyev Qarabağda yaradılan yeni reallıqlar fonunda ölkəmizin sülhə, əməkdaşlığa və regional inteqrasiyaya açıq olduğunu bildirdi. Bununla yanaşı, dövlət başçısı açıq şəkildə qeyd etdi ki, sülh prosesi qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır. Bu mövqe Azərbaycanın konstruktiv, lakin qətiyyətli siyasi xəttini əks etdirir.
Müsahibədə diqqət çəkən digər məqam qlobal iqtisadi çağırışlar və iqlim gündəliyi ilə bağlı oldu. Prezident İlham Əliyev Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımları, bərpa olunan enerji layihələrini və bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmi vurğuladı. Bu yanaşma Azərbaycanın yalnız regional deyil, qlobal problemlərin həllində də məsuliyyətli aktor kimi çıxış etdiyini göstərir.
Prezident İlham Əliyevin Davosda “Euronews” kanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın öz milli maraqlarını qlobal gündəmlə uzlaşdırmağı bacaran, reallıqlara əsaslanan və gələcəyə yönəlik siyasət yürüdən dövlət olduğunu bir daha sübut edən bu müsahibə, Azərbaycanın yeni dünya düzənində tutduğu mövqenin növbəti aydın və ardıcıl təqdimatıdır.
Jalə Əliyeva
Millət vəkili











