Azərbaycanla Türkmənistan arasında qurulan münasibətlər qarşılıqlı etimada əsaslanır
Azərbaycanla Türkmənistan arasında qurulan münasibətlər təkcə tarixi və mədəni ortaq bağlarla deyil, həm də siyasi iradə və qarşılıqlı etimada əsaslanır.
Azərbaycan ilə Türkmənistan arasında mövcud olan əlaqələr əsrlərlə formalaşmış möhkəm dostluq və ortaq mədəni köklərə əsaslanır. Hər iki xalq ortaq tarixə, mədəniyyətə, dil və dini yaxınlığa malik olmaqla yanaşı, bir-birinə qarşı hər zaman qardaşlıq münasibəti göstərmişdir.
Vətən müharibəsindən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də türkdilli dövlətlərlə, o cümlədən Türkmənistanla münasibətləri daha da intensivləşmiş, əməkdaşlıq yeni reallıqlar fonunda strateji səviyyəyə yüksəlmişdir. Bu gün Azərbaycanla Türkmənistan arasında qurulan münasibətlər təkcə tarixi və mədəni ortaq bağlarla deyil, həm də siyasi iradə və qarşılıqlı etimada əsaslanır.
2025-ci il iyulun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə keçirdiyi təkbətək görüş bu qardaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev görüş zamanı bildirib: “Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.”
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da öz çıxışında Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını çatdıraraq, səfərinin əsas məqsədinin iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsi olduğunu bildirmişdir. O, Türkmənistan-Azərbaycan münasibətlərini üç əsas anlayışla səciyyələndirmişdir: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.
Bu səfər bir daha sübut edir ki, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədədir və hər iki ölkə regional sabitlik, inkişaf və Türk dünyasının güclənməsi naminə birlikdə səmərəli fəaliyyət göstərirlər.
Son illərdə Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq formatında imzalanan bir sıra mühüm sənədlər bu əlaqələrin gələcək istiqamətlərini müəyyən edir. Bunlar arasında Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş, 2023–2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair Çərçivə Proqramı, Gömrük və Energetika sahəsində qarşılıqlı anlaşmalar, eləcə də nəqliyyat üzrə imzalanmış Memorandumlar xüsusi əhəmiyyət kəsb edir.
Əminliklə söyləmək olar ki, tarixi, mədəni və iqtisadi tellərlə bir-birinə sıx bağlı olan Azərbaycan və Türkmənistan gələcəkdə də ortaq layihələr və təşəbbüslərlə əməkdaşlıqlarını genişləndirəcək, Türk dünyasının birliyinə və beynəlxalq aləmdə nüfuzunun artmasına töhfə verməyə davam edəcəklər.
Azərbaycan-Türkmənistan əlaqələri – dostluq və strateji tərəfdaşlıqla yoğrulmuş bir yol, ortaq tarixdən gələcəyə uzanan bir qardaşlıq körpüsüdür.
Ülviyyə Həmzəyeva,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı