“Azercell”dən ŞİKAYƏT
Müğənni Nura Suri mobil operator” Azercell”in xidmətindən ciddi narazılığını ifadə edib. O, sosial media hesabında paylaşdığı açıqlamada şirkətin operatorlarını, müştəri xidməti sistemini və ümumi xidmət keyfiyyətini sərt tənqid edib.
XALQ xəbər verir ki, sənətçi son bir həftə ərzində dəfələrlə “Azercell” operatorları ilə əlaqə saxlamasına baxmayaraq, problemlərinin həll olunmadığını bildirib:
“1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam. Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil”.
Nura Suri həmçinin qeyd edib ki, balansından izah olunmayan məbləğlər silinir, lakin bu barədə nə operatorların, nə də kuratorun aydın cavabı yoxdur.
“Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz”, – deyə o bildirib.
Müğənni əlavə edib ki, ötən gecə şikayətinin qeydə alınmasını və menecerlə əlaqə yaradılmasını istəsə də, bu cəhdlər nəticəsiz qalıb:
“Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışıb, əsəblərimi pozub”.
Nura Suri vurğulayıb ki, 20 ildən artıqdır “Azercell” istifadəçisidir və bu müddət ərzində belə münasibətlə rastlaşmayıb:
“Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur.”
Hazırda Azercell tərəfindən bu şikayətlərlə bağlı hər hansı açıqlama verilməyib.
Ancaq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.