media-44

2014-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan Naxtel mobil operatoru, Azərbaycanın dördüncü ümumrespublika mobil operatoru olmaq məqsədilə genişlənmə planları hazırlayırdı. Həmin dövrdə Naxtel-ə, ölkə ərazisində öz şəbəkəsini tam şəkildə qurana qədər milli rouminq vasitəsilə Azercell şəbəkəsi üzərindən fəaliyyət göstərməyə icazə verilmişdi. Qeyd edək ki, Naxtel artıq Naxçıvanda fəaliyyət göstərdiyi vaxtda Azercell ilə milli rouminq müqaviləsi mövcud idi. Bu müqaviləyə əsasən, Naxtel abunəçiləri Azərbaycanın digər bölgələrində də Azercell şəbəkəsindən istifadə edə bilirdilər.

Lakin Azercell, Naxtel-in ümumrespublika səviyyəsində fəaliyyətə başlaması niyyətini öyrəndikdən sonra, əgər bu plan reallaşarsa, milli rouminq xidmətini dayandıracağı barədə xəbərdarlıq etmişdi. Bu isə Naxtel üçün böyük texniki və maliyyə problemləri yaradacaqdı, çünki ölkə üzrə öz şəbəkəsini sıfırdan qurmaq imkanları məhdud idi. Nəticə etibarilə, Naxtel ölkə səviyyəsində fəaliyyətə keçmək niyyətindən imtina etdi. Beləliklə, potensial rəqabət mühiti bir daha Azercell-in təzyiqləri ilə məhdudlaşdırıldı.

Azercell-in bu kimi hallarda rəqabətə qarşı çıxışı təkcə bununla bitmir. Şirkət, 2015-ci ildə Delta Telecom və SAZZ kimi digər potensial mobil operatorların da bazara daxil olmasının qarşısını alıb. Eyni zamanda, əvvəllər Azərbaycanda fəaliyyət göstərmiş və 3G xidmətlərini ilk təqdim edən Vodafone mobil operatoru da, istifadəçi bazasının sürətlə artmasına baxmayaraq, 2012-ci ildə Azercell-in təzyiqlərinə davam gətirə bilməyərək ölkəni tərk etmişdi.

Bundan əlavə, 2012-ci ildə Azərbaycanda 4G xidmətləri üzrə ilk lisenziya Azercell-ə verildi. Digər operatorlar isə həmin dövrdə bu xidmətə çıxış imkanından məhrum edilmişdi. Bu da texnoloji bərabərsizliyə səbəb olaraq bazarda ədalətli rəqabət mühitini pozdu. Həmçinin, Azercell yeni 010 mobil prefiksi almaq üçün təzyiqlərə əl atsa da, digər operatorlar bu haqsızlığa qarşı çıxaraq Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdilər. Nəticədə, yeni 099 prefiksi digər operator tərəfindən əldə edildi.

Bir başqa önəmli məqam isə Mobil Nömrələrin Daşınması (MNP) xidmətinin Azercell tərəfindən 9 il gecikdirilməsidir. O vaxtkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də dəfələrlə Azercell-in bu xidməti ləngitdiyini ictimaiyyətə açıqlamışdı. Bu xidmətin təxirə salınması, istifadəçilərin operator dəyişmək azadlığını məhdudlaşdırmaqla yanaşı, Azercell-in bazar üstünlüyünü qorumağa xidmət etmişdi.

Bu monopolist yanaşmanın nəticəsi olaraq, Azercell illərdir mobil rabitə bazarında 51.3%-lik payla dominant mövqe tutaraq həm xidmət keyfiyyətini aşağı səviyyədə saxlayır, həm də qiymətləri mütəmadi şəkildə artırır. Rəqabətsiz mühit səbəbindən abunəçilər seçim azadlığından məhrum edilir və mövcud xidmətlərə alternativ tapa bilmirlər.

Halbuki digər ölkələrdə mobil rabitə sektorunda rəqabət mühiti sürətlə inkişaf edir. Məsələn, Özbəkistanda Vodafone artıq dördüncü mobil operator olaraq fəaliyyətə başlayıb. Türkiyədə isə mövcud üç əsas mobil operatorla yanaşı, NetGSM, Digitürk Mobile kimi virtual mobil operatorlar da fəaliyyət göstərir. Hətta Türksat şirkəti dördüncü mobil operator olaraq bazara daxil olmağa hazırlaşır.

Bu təcrübələr göstərir ki, rəqabətli bazar həm xidmət keyfiyyətini artırır, həm də qiymətlərin tənzimlənməsinə səbəb olur. Azərbaycanda isə mobil rabitə sahəsində illərlə davam edən monopolist yanaşma, həm istifadəçi hüquqlarının, həm də texnoloji inkişafın qarşısını alır.

Azərbaycan mobil rabitə bazarının real rəqabətə açılması üçün ciddi islahatlara ehtiyac var. Yeni mobil operatorların və ya virtual operatorların bazara daxil olması təşviq edilməli, antiinhisar mexanizmləri effektiv işləməlidir. Əks təqdirdə, istifadəçilər uzun illərdir üzləşdikləri aşağı xidmət keyfiyyəti və yüksək qiymət döngüsündən çıxış yolu tapa bilməyəcəklər.Bakunews.az


media-728x90banner

Bənzər xəbərlər