media-has

Azərbaycanda yeni yataqdan qaz hasilatına başlanıb.

Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yatağından gedir.

Yataqdan qaz hasilatına başlanması mərasimi Prezident İlham Əliyevin iştirakı ilə Bakı Enerji Həftəsi zamanı baş tutub.

Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan bp şirkətindən verilən məlumata görə, yataqdan sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.

Bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

BP bildirir ki, mövcud Qərbi Çıraq platformasından qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə – təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür: “AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır. Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək”.

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

Xatırladaq ki, AÇG yatağının STQ ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatına imkan verən AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında sazişə (HPBS) əlavə 20 sentyabr 2024-cü il tarixində elan edilib.

STQ layları hazırda hasilatda olan neft laylarının altında və üstündə yerləşən çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlar mövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi.

HPBS-yə əlavə sənədi 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 23 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsindəki iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: “bp” – operator (30,37%), “SOCAR” (35,3%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).


media-728x90banner

Bənzər xəbərlər