Bakı beynəlxalq lahiyələrin mərkəzinə çevrilib
Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan həyata keçirilən qlobal təşəbbüslərlə mədəniyyətlər arasında dialoq məkanına çevrilib. Mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan kimi tanınan, beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edən ölkəmiz qarşılıqlı dözümlülük üzərindən dostluq körpüləri salır, mehriban qonşuluq əlaqələrinin qurulmasına geniş imkanlar yaradır. Bu isə hazırda dərin transformasiya mərhələsini yaşayan, gərginliklərin, müharibələrin, təhdidlərin mövcud olduğu müasir dünya üçün olduqca vacibdir. Odur ki, mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüslərin mühüm platformasına çevrilən Bakı dünyanın, o cümlədən Asiyanın bütün xalqları arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətlərin təşviqnə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verməkdə davam edir.
Bu kimi fikirlər oktyabrın 17-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda keçirilən 4-cü iclasında da səsləndirildi.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva mövzu ilə bağlı açıqlamasında bildirdi ki, Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiya Mədəniyyət Şurasının 4-cü iclası həm regional, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır: “Bəri başdan qeyd edim ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbir hər şeydən əvvəl ölkəmizin beynəlxalq nüfuzunu və mədəniyyət diplomatiyasında artan rolunu nümayiş etdirdi”.
Milli Məclisin deputatı daha sonra vurğuladı ki, ICAPP Asiya ölkələrinin aparıcı siyasi partiyalarını bir araya gətirən, sülh və qarşılıqlı anlayışa xidmət edən nüfuzlu platformadır: “Onun Mədəniyyət Şurası siyasəti mədəni dəyərlərlə birləşdirərək xalqlar arasında dialoqu gücləndirir. İclasın məhz Bakıda keçirilməsi Prezident İlham Əliyevin multikulturalizm siyasətinin və Azərbaycanın etibarlı tərəfdaş imicinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bakı bu gün həm coğrafi, həm də mənəvi baxımdan Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən şəhərdir. Burada keçirilən tədbir Azərbaycanın mədəniyyət vasitəsilə sülh fəlsəfəsini dünyaya çatdırır. Yeni Azərbaycan Partiyasının ev sahibliyi isə partiyanın beynəlxalq əməkdaşlığa və humanitar dəyərlərə verdiyi önəmi bir daha təsdiqləyir.
Bu iclas göstərdi ki, Azərbaycan yalnız siyasi və iqtisadi sahədə deyil, həm də mədəni diplomatiyada lider mövqeyini möhkəmləndirir. Mədəniyyət xalqları birləşdirən ən güclü dildir və bu gün Bakı həmin dillə dünyaya inamla danışır”.
Millət vəkili fikrini Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına ünvanladığı məktubdakı bu sözlərlə tamamladı: “Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir”.











