Mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi təkcə beynəlxalq tədbirin başlanğıcı deyil, həm də Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq sahəsində formalaşdırdığı strateji xəttin növbəti mühüm təqdimatı kimi yadda qaldı.

Bu forum, paytaxt Bakının artıq regional deyil, qlobal müzakirə platformalarından birinə çevrildiyini bir daha nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tədbirdə iştirakı, ölkəmizin bu platformaya verdiyi yüksək əhəmiyyətin göstəricisidir. Dövlət başçısının çıxışı isə yalnız ölkədaxili şəhərsalma siyasətinin deyil, həm də qlobal çağırışlara verilən cavabların təqdimatı baxımından xüsusi diqqət çəkdi.

Forum çərçivəsində Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax tərəfindən yüksək səviyyəli qonaqların qarşılanması Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun göstəricisidir. Bu, həm də ölkəmizin çoxtərəfli əməkdaşlığa sadiqliyinin və beynəlxalq institutlarla qarşılıqlı etimad münasibətlərinin bariz nümunəsidir.

WUF13 yalnız müzakirə platforması deyil. Bu forum şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışların formalaşdığı, innovativ yanaşmaların təqdim olunduğu və dayanıqlı urban inkişaf modellərinin müzakirə edildiyi mühüm qərar məkanıdır. Məhz bu baxımdan, Bakının belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu sübut edir.

BMT Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının prezidenti Annalena Berbok tərəfindən ünvanlanan videomüraciətlər, həmçinin BMT-nin Məskunlsşma Programı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq və icraçı direktor Anaklaudia Rossbaxın çıxışları bu forumun beynəlxalq əhəmiyyətini bir daha təsdiqlədi.

Bu gün dünya sürətlə urbanizasiya olunur və şəhərlər yalnız yaşayış məkanı deyil, həm də iqtisadi, sosial və ekoloji tarazlığın əsas mərkəzlərinə çevrilir. Belə bir dövrdə Azərbaycanın təqdim etdiyi model – balanslı inkişaf, sosial rifah və innovasiya əsaslı yanaşma – beynəlxalq səviyyədə maraq doğurur.

Hesab edirəm ki, WUF13 kimi nüfuzlu tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq imicinə mühüm töhfə verir, eyni zamanda yerli idarəetmə, şəhər planlaşdırılması və sosial siyasət sahəsində yeni yanaşmaların tətbiqinə stimul verir. Bu forum Azərbaycanın qlobal dialoqda fəal iştirak edən, təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Göydəniz Qəhrəmanov

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər