media-99

igar Arpadarai son illərdə həm parlament diplomatiyası, həm beynəlxalq tədbirlərin təşkili, həm də iqlim gündəliyi ilə bağlı fəaliyyəti ilə diqqət çəkən deputatlardan birinə çevrilib. Uzun illər kommunikasiya və beynəlxalq layihələr sahəsində çalışan deputat hazırda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini kimi fəaliyyət göstərir.

O, eyni zamanda COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu kimi də çalışıb. Formula 1-dən beynəlxalq diplomatiyaya, parlament fəaliyyətindən şəhərsalma və iqlim məsələlərinə qədər fərqli mövzularla bağlı Modern.az-ın suallarını cavablandıran Nigar Arpadarai ilə müsahibəni təqdim edirik.

– Nigar xanım, maraqlı bioqrafiyaya maliksiniz: həm böyük tədbirlərin təşkilində iştirak təcrübəniz var, həm də parlamentdə beynəlxalq əlaqələr komitəsində fəaliyyət göstərirsiniz. Bu fəaliyyət istiqamətlərinizi ümumilikdə necə dəyərləndirirsiniz?   

– Düşünürəm ki, müxtəlif sahələrdə çalışmaq insana həm peşəkar, həm də şəxsi baxımdan çox ciddi təcrübə qazandırır. Özümü fərqli istiqamətlərdə sınamaqdan heç vaxt çəkinməmişəm. Çünki hər sahə yeni bacarıqlar, yeni yanaşmalar və yeni ünsiyyət imkanları yaradır.

Uzun illər beynəlxalq tədbirlərin təşkili sahəsində çalışmışam. Bu fəaliyyət mənə həm böyük komandalarla işləməyi, həm də müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmağı öyrədib. Eyni zamanda beynəlxalq hüquq ixtisası üzrə aldığım təhsil də diplomatiya, beynəlxalq münasibətlər və çoxtərəfli əməkdaşlıq məsələlərinə baxışımın formalaşmasında mühüm rol oynayıb.

Hazırda parlamentdə beynəlxalq əlaqələr istiqamətində fəaliyyət göstərməyim də əvvəlki təcrübəmlə müəyyən mənada uzlaşır. Çünki burada da əsas məsələlərdən biri dialoq qurmaq, müxtəlif tərəflərlə əməkdaşlıq etmək və Azərbaycanın mövqeyini düzgün şəkildə təqdim etməkdir. Mən bütün bu istiqamətləri bir-birindən ayrı deyil, bir-birini tamamlayan fəaliyyət sahələri kimi qiymətləndirirəm. Əsas odur ki, işini sevəsən və ona məsuliyyətli yanaşasan.

“Bakı qlobal məsələlərin müzakirə edildiyi mühüm platformadır”

– Ötən il Azərbaycan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. İndi də WUF13 kimi qlobal tədbir Bakıda keçirilir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinə necə təsir göstərir. Bu tədbirlərin ölkəyə iqtisadi, siyasi və imic baxımından konkret hansı faydaları olur?

– Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, ölkəmizin son illərdə artan beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və böyük tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığının göstəricisidir.
Son 10 ildə cənab Prezidentin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan üçün miqyası tam qiymətləndirilməsi belə çətin olan böyük bir nəticə əldə olunub. Bu gün Bakı dünyanın diplomatik paytaxtlarından birinə çevrilib. Mən bunu tam səmimi deyirəm: Bakı artıq hökumətlərin və diplomatların, böyük biznesin qlobal məsələləri müzakirə etdiyi mühüm platformadır.

Bu gün Bakı bir çox böyük paytaxtlarla ilə eyni statusa malikdir və bu, Azərbaycanın məqsədyönlü və uğurlu siyasətinin nəticəsidir. Keçmiş Sovetlər məkanında çox az ölkə belə bir beynəlxalq mövqe və nüfuz qazana bilib.
COP29 kimi qlobal iqlim prosesinə 2 illik sədrlikdən sonra WUF13 kimi nüfuzlu bir tədbirin da Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq dialoq üçün vacib məkanlardan birinə çevrildiyini göstərir.

Bu cür tədbirlərin həm siyasi, həm iqtisadi, həm də imic baxımından böyük faydaları var. İlk növbədə, Azərbaycan öz mövqeyini, prioritetlərini və regional baxışını daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edir. Eyni zamanda, müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və tərəfdaşlarla yeni əməkdaşlıq imkanları yaranır.

İqtisadi baxımdan da bu tədbirlər kifayət qədər əhəmiyyətlidir. Minlərlə xarici qonağın ölkəyə gəlməsi turizm, xidmət, nəqliyyat və digər sahələrə müsbət təsir göstərir. Amma məncə, daha vacib məqamlardan biri uzunmüddətli təsirdir. Çünki bu tədbirlər Azərbaycanın təhlükəsiz, müasir və açıq ölkə imicini gücləndirir. Bu isə gələcək investisiya, əməkdaşlıq və beynəlxalq layihələr üçün əlavə üstünlüklər yaradır.

Digər tərəfdən, belə platformalar Azərbaycanın qlobal gündəlikdə daha fəal iştirakına da imkan verir. Xüsusilə iqlim dəyişikliyi, şəhərsalma, dayanıqlı inkişaf kimi mövzular artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın ortaq çağırışlarıdır və Azərbaycan da bu müzakirələrdə aktiv rol almağa çalışır.

“COP29-un əsas uğuru maliyyə məsələlərində ciddi irəliləyiş oldu”

– COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu kimi fəaliyyətiniz dövründə əsas prioritetləriniz nələr idi? Qeyri-hökumət təşkilatları və özəl sektor iqlim gündəliyində real olaraq hansı konkret layihələri həyata keçirir?

– COP29 çərçivəsində əsas prioritetlərimizdən biri iqlim gündəliyinin yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətin bütün seqmentlərinin iştirakı ilə formalaşdırılması idi. Xüsusilə çalışırdıq ki, özəl sektor, qeyri-hökumət təşkilatları, şəhərlər, maliyyə institutları və vətəndaş cəmiyyəti bu prosesdə daha fəal rol alsın. Çünki iqlim dəyişiklikləri ilə mübarizə təkcə dövlət siyasəti məsələsi deyil, çoxşaxəli əməkdaşlıq tələb edən qlobal çağırışdır.

Azərbaycan COP prosesinə öz yenilikləri, təşəbbüsləri və ideyaları ilə gəldi. Azərbaycanın təqdim etdiyi təşəbbüslər tərəfdaşlar tərəfindən çox yaxşı qəbul olundu, çox dəstəkləndi.

COP29-un əsas uğuru təbii ki, maliyyə məsələlərində ciddi irəliləyişin olması idi. Çünki emissiyaların azaldılması və iqlim dəyişikliklərinə qarşı mübarizə maliyyəsiz mümkün deyil. Pul burada əsas faktorlardan biridir və məhz Bakı COP-u çərçivəsində maliyyə öhdəlikləri ilə bağlı konkret qərarlar və öhdəliklər qəbul olundu.
Mənim komandamın fəaliyyət istiqamətində isə — yəni qeyri-dövlət iştirakçıları ilə iş sahəsində — ən böyük nailiyyət, heç şübhəsiz, SME, yəni kiçik və orta bizneslərin cəlb olunması oldu. Çünki məhz Bakıda biz kiçik və orta bizneslərin COP prosesində rolunu xüsusi şəkildə ön plana çıxardıq və bu mövzunu əsas gündəlik məsələlərindən birinə çevirdik.

Biz onların COP prosesinə inteqrasiyası, iqlim gündəliyi ilə bağlı risk və imkanların qiymətləndirilməsi üzərində işləməyə başladıq. Faktiki olaraq, biz böyük korporasiyaları və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən SME alyanslarını birləşdirən geniş bir qlobal şəbəkənin yaradılmasına təşəbbüs göstərdik. Bu şəbəkə milyonlarla biznesi və insanı əhatə edən çox böyük bir platformaya çevrildi.

Ən yadda qalan təşəbbüslərimizdən biri COP29-da təqdim etdiyimiz “İqlimə Dayanıqlı KOB-lar” təşəbbüsü oldu. Bu təşəbbüsün məqsədi kiçik və orta sahibkarların iqlim siyasətlərinə adaptasiyasına dəstək vermək, onların maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq və yeni qaydalar çərçivəsində fəaliyyətlərini optimallaşdırmaqdan ibarətdir. Təşəbbüsə beynəlxalq təşkilatları, QHT-ləri və özəl sektoru təmsil edən 49 tərəfdaş qurum qoşuldu və nəticədə 100-dən çox ölkədə 90 milyon KOB-a çıxış əldə edildi. Bu təşəbbüs artıq qlobal bir kampaniyaya çevrilib. COP30-da ilk dəfə olaraq KOB-lara həsr edilən xüsusi tematik gün təşkil edildi və təşəbbüs rəsmi şəkildə dəstəkləndi.

Emosional baxımdan isə mənim üçün ən yaxın layihələrdən biri “Fərqlilik Yaradanlar” proqramı idi. Miqyas baxımından daha kiçik olsa da, bu proqram şəxsi liderlik ideyası üzərində qurulmuşdu. Biz dünyanın müxtəlif ölkələrindən iqlim gündəliyinə real təsir göstərən layihələr həyata keçirən insanları seçmişdik.
Həmin iştirakçılar arasında çox gözəl ideyası olan bir azərbaycanlı xanım da var idi. Reyhan Camalova, o, Rainergy layihəsini yaratmışdı. Hazırda Nyu-Yorkdadır. Mən düşünürəm ki, COP29 onun şəxsi inkişaf yolunun və böyük beynəlxalq səyahətinin çox uğurlu başlanğıcı oldu.

“Qarabağda insanlar hiss etməlidir ki, həyatları daha yaxşı olub”

– Qarabağda həyata keçirilən yenidənqurma və böyük qayıdış prosesini necə qiymətləndirirsiniz? Şəhərsalma, infrastrukturun qurulması və “ağıllı şəhər” modellərinin tətbiqi bölgənin gələcək inkişafına hansı imkanları yaradır?

– Qarabağda həyata keçirilən yenidənqurma prosesini faktiki olaraq sıfırdan yeni yaşayış məkanlarının qurulması kimi qiymətləndirmək olar. İşğal dövründə şəhərlərə, kəndlərə və infrastruktura vurulan ziyanın miqyası son dərəcə böyük idi. Bu baxımdan, işğaldan sonrakı Qarabağ və Şərqi Zəngəzur İkinci Dünya müharibəsindən sonrakı dağıntılarla müqayisə oluna bilər. Hətta XX əsrin sonundakı ən ağır münaqişələrdə belə Qarabağda olduğu səviyyədə total infrastruktur dağıntısı və tam etnik təmizləmə olmayıb. Yəni biz faktiki olaraq torpaqlarımızı azad etdikdən sonra həmin ərazilərin böyük hissəsini boş bir məkan vəziyyətində geri aldıq.

Bu gün isə Qarabağda daha müasir və dayanıqlı yanaşma tətbiq olunur. Qarşıda duran ilk məqsəd infrastrukturun sıfırdan qurulmasıdır. İkinci və daha mürəkkəb məsələ isə həmin əraziləri vaxtilə tərk etmiş insanların geri dönüşünü cəlbedici etməkdir. Bütün bunlar qayıdış layihəsini həqiqətən unikal edir. Məhz buna görə insanların özünü rahat hiss etməsi, yüksək həyat keyfiyyətinin təmin olunması üçün çevik və innovativ həllər düşünülməlidir. Yəni şəhər və xidmətlərin əlçatanlığı informasiya texnologiyaları, düzgün urbanistika, rəqəmsal həllər və onlayn xidmətlər vasitəsilə təmin edilməlidir.

Biz obyektiv problemlər üçün kreativ və ağıllı həllər tapmalıyıq. Çünki dayanıqlı və yüksək həyat keyfiyyəti adətən artıq formalaşmış icmalarda yaranır — insanların uzun illər yaşadığı, sistemlərin oturuşduğu yerlərdə. Ona görə də elə mexanizmlər düşünülməlidir ki, insanlar hiss etsinlər: onların həyat səviyyəsi aşağı düşməyib, əksinə, daha da yaxşılaşıb. Azərbaycan da məhz bunu etməyə çalışır və bu artıq özlüyündə çox böyük bir işdir.

Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi gələcək inkişaf baxımından çox önəmlidir. Burada yaşayış binaları ilə yanaşı, enerji, nəqliyyat, rəqəmsal idarəetmə və sosial infrastruktur vahid yanaşma əsasında formalaşdırılır. Bu da insanların qayıdışı üçün mühüm amildir. Çünki insanlar üçün yalnız öz dədə-baba torpaqlarına qayıtmaq deyil, həm də keyfiyyətli həyat və yaxşı iş imkanlarının yaradılması əsas faktorlardan biridir.

Eyni zamanda, hər bölgənin özünəməxsus xüsusiyyətlərinin şəhərsalma modelində nəzərə alınması da vacib məqamlardandır. Məsələn, Şuşa, Ağdam və Laçında inşa olunan tikililərin heç biri bir-birinə bənzəmir. Hər bir bölgədəki memarlıq və tikili həmin ərazinin tarixi, mədəniyyəti və spesifik xüsusiyyətlərini özündə əks etdirir.

“Bakı hansısa şəhərin təkrarı deyil”

– Qeyd etdiyiniz kimi, işğaldan azad olunan bölgələrdə hər rayon, hətta kənd özünəməxsusluğu ilə bir-birindən seçilir. Bəs paytaxt haqqında bunu demək olarmı? Bakıya “Qafqazın Parisi” də deyilir ki, bu da təsadüfü deyil, çünki şəhər Fransa şəhərsalma üslubunda inşa edilir. Sizcə bu proses necə olmalıdır?

– Bakı həqiqətən çox özəl bir şəhərdir. Düşünürəm ki, Azərbaycanın Şərqlə Qərbi, klassika ilə modernizmi birləşdirən kimliyi ən yaxşı şəkildə məhz Bakıda öz əksini tapır. Şəhərin tarixi memarlığı, Avropa üslubunda inşa olunan binaları və müasir urbanistik yanaşmalar bir-birini tamamlayır. Bakının əsas üstünlüyü hansısa şəhərin təkrarı olması deyil, özünəməxsus memarlıq və şəhər mədəniyyəti formalaşdırmasıdır. Vacib olan odur ki, inkişaf prosesi şəhərin tarixi simasını və mədəni kimliyini qorumaqla paralel aparılsın.

– Siz həm də Bakını təmsil edən deputatsınız. Maraqlıdır şəhərimizdə əsasən haraları gəzməyi sevirsiniz? WUF13 zamanı Azərbaycana gələn turistlərə bu baxımdan məsləhətləriniz nə olardı?

– Mən İçərişəhəri çox sevirəm. Ailəmizlə tez-tez buraya gəlirik. Eyni zamanda Bakı Bulvarında gəzmək insanı çox sakitləşdirir. Uşaqlarım hələ balaca olanda onlarla tez-tez Xəzərin sahilində gəzirdik. Eyni zamanda yeni salınan parkları çox bəyənirəm. Ümumilikdə bu şəhər mənə, ailəmizə çox doğmadır.

“Formula 1-dən COP29-a: hər şeyi sıfırdan qururduq”

– Cavabınızdan belə başa düşülür ki, sanki indi istirahət etməyə o qədər də çox imkanınız yoxdur…

– İşlərin və xarici səfərlərin intensiv olduğu dövrlərdə təbii olaraq insanın özünə ayırdığı vaxt daha da azalır. Xüsusilə 2016-cı ildə “Formula 1 Qran-Pri” ilk dəfə Azərbaycanda keçiriləndə faktiki olaraq hər şeyi sıfırdan qururduq. Həmin dövrdə bəzən gecəyədək işdə qalırdıq ki, tədbir ən yüksək səviyyədə təşkil olunsun.
COP29 dövrü də tam fərqli idi, COP çox mürəkkəb bir prosesdir, üzərimizdə olan funksiyaları böyük məsuliyyətlə həyata keçirməyə çalışırdıq.

Eyni zamanda parlament fəaliyyəti, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olaraq AŞPA-nın fəaliyyətinə qatıldığımız zaman, indi də qrup və tək xarici səfərlərimiz istər-istəməz daha çox işə fokuslanmağa səbəb olur.

“Avropa Parlamenti ya manipulyasiya olunur, ya da proseslərə nəzarət etmir”

– Nigar xanım, siz həm də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinisiniz maraqlıdır. Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin gərginləşməsinin əsas səbəblərini nədə görürsünüz?

– Düşünürəm ki, son illərdə Avropa Parlamentinin Azərbaycanla bağlı nümayiş etdirdiyi yanaşma münasibətlərin inkişafına xidmət etmir. Təkcə 2021-ci ilin may ayından indiyədək Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və onların əksəriyyətində qərəzli, təhrif olunmuş, hətta yalan dolu iddialar yer alıb. Bu cür sənədlər nə dialoqa, nə də regionda formalaşmaqda olan sülh mühitinə müsbət töhfə verir.

Bu yaxınlarda qəbul edilmiş mətn dil və üslub baxımından əvvəlki sənədlərlə müqayisədə daha mülayim görünür. Amma əsas məsələ mətnin tonu deyil. Əsas məsələ həmin qətnamənin hansı vaxtda qəbul edilməsidir. Bu sənəd Ermənistanda seçkilər ərəfəsində qəbul olunub.

Və burada kifayət qədər paradoksal, hətta müəyyən mənada ironik bir məqam ortaya çıxır. Çünki sənəd formal olaraq “Ermənistanda demokratiyaya dəstək” haqqında qətnamə kimi təqdim olunsa da, əslində onun mahiyyəti Ermənistan daxilində siyasi gərginliyi artırmağa xidmət edir.

Başqa sözlə desək, bu sənəd müəyyən mənada anti-Azərbaycan sənədindən daha çox anti-Ermənistan xarakteri daşıyır. Sadəcə, bu məqsədi həyata keçirmək üçün anti-Azərbaycan ritorikasından istifadə olunur və təbii ki, biz də buna reaksiya veririk.

Əsl məqsəd isə Qarabağ məsələsini yenidən Ermənistanın daxili siyasi gündəminə və seçki kampaniyasına qarşıdurma mövzusu kimi qaytarmaq, Ermənistan cəmiyyətində əlavə parçalanma yaratmaqdır.
Burada iki ehtimal var. Ya Avropa Parlamentində vəziyyət o qədər qarışıqdır ki, qəbul etdikləri sənədlərin nəticələrini özləri də tam anlamırlar, ya da Avropa Parlamenti müəyyən xarici təsirlərin və lobbi qruplarının təsiri altındadır. Hər iki variant Avropa Parlamentinin özü üçün kifayət qədər mənfi mənzərə yaradır.

Əgər vəziyyət həqiqətən belədirsə, onda təbii olaraq sual yaranır: belə bir şəraitdə bu qurumla əməkdaşlığın real mənası varmı? Əgər institutlar ya manipulyasiya alətinə çevrilirsə, ya da öz qərarlarına və proseslərinə tam nəzarət edə bilmirlərsə, bu halda belə tərəfdaşlığın etibarlılığı ciddi suallar doğurur.

Məhz bu yanaşmalar fonunda Azərbaycan Parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması, Aİ–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul etdi. Bu qərar mövcud vəziyyətə verilmiş siyasi və institusional cavab idi. Ümumilikdə isə Avropa Parlamentinin bu addımı regionda sülhün gedişinə mənfi təsir göstərə bilər və məhz buna görə Azərbaycanın məsələyə münasibəti birmənalıdır.

“Ermənistanda siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi regiondakı atmosferə təsir göstərəcək”

– Yeri gəlmişkən, gələn ay Ermənistanda keçiriləcək seçkilərlə bağlı nə düşünürsünüz? Bu seçkilər sülh prosesinə necə təsir edəcək?

– Ermənistanda qarşıdan gələn seçkilər regiondakı proseslər baxımından da diqqətlə izlənilir. Hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi davam etsə də, yekun sülh sazişi hələ imzalanmayıb və bu proses tam başa çatmış hesab oluna bilməz.

Eyni zamanda, Ermənistan daxilində revanşist yanaşmaların və əvvəlki ritorikanı davam etdirməyə çalışan qüvvələrin mövcudluğu da reallıqdır. Bu baxımdan siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi regiondakı ümumi atmosferə də təsir göstərəcək.

Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalır. Dayanıqlı sülh üçün hüquqi və siyasi əsaslar tam formalaşmalıdır. Burada xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələlərin aradan qaldırılması vacib amillərdən biri kimi qiymətləndirilir. Hesab edirəm ki, uzunmüddətli sabitlik yalnız qarşılıqlı şəkildə yeni regional reallıqların qəbul olunması ilə mümkündür.

“Qonşular problemləri ilk növbədə öz aralarında həll etməlidirlər”

– Bu fonda Azərbaycan balanslı xarici siyasətini necə qoruyur və qlobal siyasi dəyişikliklər fonunda regionun rolu necə dəyişir?

– Artıq hamıya aydındır ki, beynəlxalq siyasətin və beynəlxalq hüququn universal qaydaları ciddi şəkildə zəifləyib. Sanki dünyanın üzərindən qlobal qoruyucu çətir götürülüb. Belə bir şəraitdə nə etmək lazımdır? Məncə, ən düzgün yanaşma öz qonşularınla təhlükəsizlik və qarşılıqlı faydaya əsaslanan münasibətlər sistemi qurmaqdır. Region daxilində təhlükəsiz və sabit birgəyaşayış modeli formalaşdırmaq lazımdır.

Bu həm təhlükəsizlik məsələlərinə, həm də siyasi və iqtisadi sabitliyə aiddir. Çünki qonşular arasında aydın təhlükəsizlik razılaşmaları olduqda risklər azalır. Eyni zamanda region ölkələri birlikdə regionda balansı pozmağa çalışan xarici aktorların təsir imkanlarını məhdudlaşdıra bilirlər. Bu isə son dərəcə vacib məsələdir.
Regional təhlükəsizliyin ən mühüm elementlərindən biri ondan ibarətdir ki, qonşular bütün problemləri ilk növbədə öz aralarında həll etməyə çalışsınlar və nə özlərini, nə də bir-birlərini üçüncü qüvvələrin alətinə çevirməyə imkan verməsinlər.

Məsələn, Ermənistanla münasibətlərdə davamlı sülh üçün əsas şərtlərdən biri Ermənistanın özünü xarici güclərin xidmətçisi roluna yerləşdirmək cəhdlərindən imtina etməsidir. Məhz buna görə Azərbaycan Prezidenti mütəmadi olaraq Ermənistan sərhədində yerləşdirilən Avropa missiyası məsələsinə toxunur. Bu ona görə deyil ki, həmin missiya Azərbaycan üçün ciddi hərbi və ya strateji təhlükə yaradır. Belə bir təhlükə yoxdur və Azərbaycan bununla bağlı bütün riskləri idarə etmək imkanına malikdir.

Amma həmin missiya daha böyük problemin indikatorudur. Problem ondadır ki, Ermənistan öz təhlükəsizliyini kənardan alınan xidmət kimi görməyə davam edir. Halbuki təhlükəsizlik belə qurulmur. Təhlükəsizlik ya daxili resurslara söykənməlidir, ya da qonşularla birbaşa koordinasiya və əməkdaşlıq əsasında formalaşmalıdır.
Məhz bu prinsip son illərdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan beynəlxalq səviyyədə tam fəal və inteqrasiya olunmuş iştirakçıdır. Amma eyni zamanda biz çox yaxşı anlayırıq ki, fundamental siyasi, iqtisadi və hərbi təhlükəsizlik ilk növbədə yaşadığın regionda formalaşır və Azərbaycan bu gün regionda sadəcə aktiv iştirakçı deyil, real regional liderdir. Bu artıq yalnız bizim qiymətləndirməmiz deyil regionun özündə formalaşmış və qəbul olunmuş siyasi reallıqdır.

“Parlament diplomatiyası Azərbaycana əlavə manevr imkanları yaradır”

– Azərbaycanın xarici siyasətdəki uğurunda parlament diplomatiyasının rolu nə qədərdir?

– Parlament diplomatiyası klassik diplomatiya (hökümətlərarası diplomatiya) ilə ictimai diplomatiyanın arasında bir növ aralıq mövqedə dayanır. Parlament diplomatiyası dövlət diplomatiyasının ümumi xətti ilə uyğun olmalı və ona ziddiyyət yaratmamalıdır.

Parlament diplomatiyasının əsas xüsusiyyəti odur ki, deputatlar milli maraqların çərçivəsini nəzərə alaraq daha sərbəst fikir bildirə bilirlər. Bu da deputata beynəlxalq arenada müəyyən çeviklik və manevr imkanları yaradır. Parlament diplomatiyası fəaliyyət imkanlarını genişləndirir, müəyyən improvizasiya və çeviklik yaradır, amma nəticə etibarilə ölkənin diplomatik məqsədlərinə və milli maraqlarına müsbət, kumulyativ təsir göstərir.

Düşünürəm ki, xüsusilə VI çağırışdan etibarən parlament diplomatiyası daha aktiv və görünən mərhələyə keçib. Bu prosesdə təbii ki, Milli Məclisin sədri Sahibə Qafarovanın beynəlxalq platformalarda fəaliyyəti və xarici səfərləri mühüm rol oynayır. Eyni zamanda, deputatların beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq istiqamətində daha fəal iştirakı da bu tendensiyanı gücləndirib.

“Sosial mediadan artıq seçicilərlə ünsiyyət platforması kimi istifadə edirəm”

– Media və kommunikasiya sahəsində təcrübəniz deputat fəaliyyətinizdə sizə necə kömək edir?

– Kommunikasiya bacarıqları bu gün istənilən sahədə çox vacibdir, xüsusilə də ictimai və siyasi fəaliyyətdə. Müxtəlif beynəlxalq layihələrdə və böyük tədbirlərin təşkilində çalışmaq mənə insanlarla düzgün ünsiyyət qurmaq, mesajı daha aydın çatdırmaq və fərqli auditoriyalarla işləmək təcrübəsi qazandırıb.

Deputat fəaliyyəti zamanı da bu amillər çox önəmlidir. Çünki burada yalnız müəyyən mövqeni ifadə etmək deyil, eyni zamanda insanları dinləmək, cəmiyyətlə effektiv əlaqə qurmaq və Azərbaycanın baxışını beynəlxalq platformalarda düzgün təqdim etmək vacibdir. Məncə, kommunikasiya bu prosesin ayrılmaz hissəsidir.
Mən əvvəllər sosial mediadan daha çox şəxsi istifadə məqsədilə yararlanırdımsa, bu gün onu əsasən seçicilərimlə ünsiyyət və fəaliyyətim barədə məlumatlandırma platforması kimi istifadə edirəm.

Müasir dövrdə sosial medianın şəxsi brendin formalaşmasında rolu kifayət qədər böyükdür. Biz adətən brend anlayışını daha çox şirkətlərlə əlaqələndiririk, amma düşünürəm ki, ictimai fəaliyyətlə məşğul olan şəxslər üçün də etibarlı və aydın imicin formalaşdırılması ən az onun qədər vacibdir. Lakin bilmək lazımdır ki, hər bir sosial media fərqli kontentlərə malikdir və bunu doğru bilim istifadə etmək lazımdır. Bu baxımdan əvvəlki təcrübələrim mənə çox kömək oldu.

Eyni zamanda, hazırda bütün deputatlar media ilə daha yaxından əməkdaşlıq edir və sosial media hesablarından aktiv istifadə edirlər. Bu, çox müsbət tendensiyadır. Çünki ictimaiyyətlə açıq və operativ kommunikasiya həm parlament fəaliyyətinin daha şəffaf təqdim olunmasına, həm də cəmiyyətlə əlaqələrin güclənməsinə kömək edir.

– Media və kommunikasiya sahəsindən danışmışkən, siz əvvəlki müsahibələrinizdə bu sahəni çox sevdiyinizi və fəaliyyətinizi məhz bu istiqamətdə davam etdirmək istədiyinizi qeyd etmisiniz. Bəs siyasətə və deputat fəaliyyətinə gəlmək qərarı necə formalaşdı?

– Mən həqiqətən kommunikasiya və PR sahəsini çox sevirdim və bu gün də düşünürəm ki, bu, son dərəcə maraqlı və güclü bir sahədir. Çünki kommunikasiya təkcə informasiya ötürmək deyil , insanların düşüncəsinə, ictimai proseslərə və hətta dövlətlərin beynəlxalq imicinə təsir etmək bacarığıdır. Düzgün qurulmuş kommunikasiya etimad yarada, böhranları idarə edə, insanları ortaq məqsədlər ətrafında birləşdirə bilir. Müasir dünyada informasiya və onun təqdimat forması artıq strateji güc elementinə çevrilib. Məhz buna görə mən bu sahəni həmişə yaradıcı, dinamik və böyük məsuliyyət tələb edən bir istiqamət kimi görmüşəm. “Formula 1”dən əvvəl də müxtəlif özəl şirkətlərdə bu istiqamətdə çalışmışam və həmin təcrübə mənə çox şey qazandırıb.
Deputat olmaq qərarına gəldikdə isə, özümü fərqli bir sahədə sınamaq, əvvəlki fəaliyyətimdə əldə etdiyim təcrübə ilə parlamentin işinə töhfə vermək, bu sahədə ölkəmə xidmət etmək istədim. Deputat olmaq çox böyük məsuliyyətdir.

“Bakının tam mərkəzini təmsil etmək xüsusi məsuliyyətdir”

– Bakının tam mərkəzinin deputatı olmağın mənfi və müsbət tərəfləri nələrdir? Seçiciləriniz sizə daha çox hansı istiqamətlərdəki problemlərə görə müraciət edir?

– Düşünürəm ki, yaşadığınız və insanlarının sizi yaxından tanıdığı ərazini təmsil etməyin həm üstünlükləri, həm də müəyyən məsuliyyət tərəfi var. Çünki insanlar sizi yalnız deputat kimi deyil, gündəlik həyatın içində olan biri kimi də görürlər.  Səbail rayonu kifayət qədər böyük və fərqli xüsusiyyətlərə malik ərazidir. Burada İçərişəhər kimi tarixi məkanlar da var, müasir urbanizasiya ilə bağlı çağırışlar da. Ona görə müraciətlər də çox müxtəlif olur. Bəzi vətəndaşlar nəqliyyat və tıxac məsələləri ilə, bəziləri isə infrastruktur və kommunal problemlərlə bağlı müraciətlər ünvanlayırlar. Müraciətlərin əksəriyyəti daha çox yerli icra strukturlarının səlahiyyətlərinə aid məsələlər olur və biz də çalışırıq vətəndaşları düzgün istiqamətləndirək və prosesə dəstək olaq. Qanunvericiliklə bağlı müraciətlər az olur.

“Qadın siyasətçi və kişi siyasətçi stereotiplərindən uzağam”

– VII çağırış seçkilərin nəticələri elan olunduqda parlamentdə təmsil olunacaq qadınların sayı kifayət qədər fərqli istiqamətlərdə şərh edildi. Ümumiyyətlə, necə düşünürsünüz, qadınların ictimai-siyasi həyatda rolu barədə kifayət qədər yüksəkdirmi, sizin də hansısa sterotiplərlə qarşılaşdığınız olurmu? Həmçinin gənc qadınlara siyasətə qoşulmaq üçün nə tövsiyə edərdiniz?

– Gənc qadınlara siyasətə qoşulmaq üçün tələsməməyi tövsiyə edirəm. Çünki gənclik kifayət qədər enerjili və rəngarəng dövrdür. Düşünürəm ki, əvvəlcə insan özünü müxtəlif sahələrdə sınamalı, təcrübə qazanmalı və dünyagörüşünü formalaşdırmalıdır. Gənc xanımlarımız siyasi fəaliyyəti həqiqətən çox istəyirsə, təcrübə qazanıb, nə etdiyini və niyə etdiyini tam anlasınlar. Bundan sonra siyasətə gəlmək daha doğru yanaşma ola bilər.

Siyasət tarixən əsasən kişilər tərəfindən formalaşdırılmış bir sahə olub. Açıq danışsaq, böyük siyasət modeli min illər əvvəl kişilər tərəfindən onların mürəkkəb siyasi münasibətlərini idarə etmək üçün yaradılıb. Əlbəttə, tarixdə qadın siyasətçilər də olub. Hətta antik dövrdə belə istisna təşkil edən güclü qadın liderlərə rast gəlinir. Amma bunlar daha çox istisna idi, qayda yox. Bununla belə, mən ümumiyyətlə “qadın siyasəti” və ya “kişi siyasəti” kimi yanaşmaları tam doğru hesab etmirəm. Məncə, məsələyə daha obyektiv və funksional yanaşmaq lazımdır.

Birinci əsas sual budur: insan öz işinin öhdəsindən gəlirmi, yoxsa gəlmir? Burada onun qadın və ya kişi olması ikinci dərəcəli məsələdir. İkinci vacib məsələ isə budur: həmin insan cəmiyyətə fayda verirmi, yoxsa vermir? Məncə, siyasətçini qiymətləndirərkən əsas meyarlar məhz bunlar olmalıdır.
Amma bununla yanaşı, düşünürəm ki, qadınların siyasətə gətirə biləcəyi xüsusi və vacib bir baxış bucağı da var. Məncə, qadının siyasətdə rolu daha çox sülhyaradıcı rol olmalıdır. Qadın müəyyən mənada “yumşaq güc” funksiyasını daşıya bilər qarşıdurmaları dərinləşdirmək yox, onları azaltmağa və həll etməyə çalışan qüvvə kimi çıxış edə bilər.

Qadınların siyasətə gətirdiyi ən mühüm elementlərdən biri də ailə düşüncəsidir. Çünki qadınlarda instinktiv olaraq uşaqların və gələcək nəslin maraqları barədə daha strateji düşüncə forması mövcuddur. Bu, onların təbiətinin və sosial rolunun bir hissəsidir. Kişilər bəzən emosiyalar və rəqabət instinkti ilə hərəkət edib qarşıdurmanı dərinləşdirməyə meylli ola bilirlər. Qadın isə daha çox gələcəyi, uzunmüddətli sabitliyi və növbəti nəslə təsiri düşünür. Məncə, qadının siyasətə gətirməli olduğu əsas əlavə dəyər məhz budur.
Eyni zamanda hesab edirəm ki, qadınların siyasətdə, biznesdə və qərarvermə mexanizmlərində daha fəal iştirakı cəmiyyətlərin dayanıqlığını artırır. Çünki fərqli baxış bucaqları qərarların daha balanslı və uzunmüddətli olmasına kömək edir. Amma ümumilikdə mən qadın siyasətçi və kişi siyasətçi stereotiplərindən uzaq durmağa çalışıram. Sonda əsas prinsip dəyişmir: hər bir işlə onu bacaran insan məşğul olmalıdır.

“Mənim formalaşmağıma ən çox babamın dəyərləri təsir edib”

– Nigar xanım, sizin atanız, ananız rəssamıdr. Babanız isə əməkdar rəssam Hafiz Məmmədov olub. Maraqlıdır incəsənət mühitində böyümək dünyagörüşünüzə necə təsir edib? Siz özünüzü bu sahədə sınamısınızmı?

– Bilirsiniz, həm babamın, həm də hər iki valideynimin rəssam olması, təbii ki, mənə çox böyük təsir göstərib. Amma əgər mənim dəyərlər modelimi ən çox formalaşdıran insan haqqında danışsaq, yəqin ki, bu, daha çox babam olub. O, İkinci Dünya müharibəsinin veteranı idi — Stalinqraddan Berlinə qədər döyüş yolu keçib. Yaşadığı o ağır müharibə təcrübəsini və gördüklərini öz əsərlərində də əks etdirirdi.
Amma mənim üçün, məsələ yalnız onun gözəl sənətkar olması ilə bağlı deyil. Əsas məsələ onun insan kimi necə biri olması idi. O, fundamental olaraq çox təmiz, dürüst və ləyaqətli insan idi. İnsanlara inanırdı. Peşəkarlığa, öz işini məsuliyyətlə görməyə və qəbul etdiyi mənəvi prinsiplərə sadiq qalmağa böyük önəm verirdi. Əslində onun həyatı da məhz daşıdığı mənəvi dəyərlərin təcəssümü idi. Necə düşünürdüsə, elə də yaşayırdı. Mənim formalaşmağıma da ən çox təsir edən məhz onun bu dəyərlər sistemi və həyata münasibəti olub.

“Uşaqlara fundamental biliklər vermək lazımdır”

– Övladlarınızın gələcək seçimləri ilə bağlı baxışlarınız necədir?

– Düşünürəm ki, zaman çox sürətlə dəyişir və bu gün övladlarımıza konkret olaraq hansı peşəni seçməli olduqlarını demək əvvəlki dövrlərlə müqayisədə daha çətindir. Çünki texnologiyalar, əmək bazarı və ümumiyyətlə peşələrin özü çox sürətlə transformasiya olunur. Bu gün bəlkə də mövcud olmayan ixtisaslar bir neçə ildən sonra çox aktual olacaq, bəzi peşələr isə əvvəlki əhəmiyyətini itirəcək.

Bizim dövrümüzdə daha çox “həkim ol”, “hüquqşünas ol” kimi yanaşmalar vardı. Amma indi düşünürəm ki, ən vacib məsələ uşaqlara fundamental biliklər qazandırmaqdır. Uşaqlarının təbii meyllərini və qabiliyyətlərini də anlamağa çalışmaq lazımdır.

Mən də övladlarıma məhz bunu məsləhət görürəm. Riyaziyyat, fizika, kimya kimi baza bilikləri nə qədər texnologiya dəyişsə də hər zaman aktual qalacaq.

Digər tərəfdən, müasir dövrdə uşaqlara nəzarət məsələsi də əvvəlkindən daha mürəkkəbdir. Açığı, bu gün tam nəzarət praktiki olaraq mümkün deyil. Sosial şəbəkələr və rəqəmsal platformalar həyatın bir hissəsinə çevrilib. Milli Məclisdə də zaman-zaman uşaqların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı müxtəlif müzakirələr aparılır. Amma burada balans çox vacibdir. Çünki istənilən məhdudiyyətin hansı nəticələr doğura biləcəyini də düzgün analiz etmək lazımdır.


media-728x90banner

Bənzər xəbərlər