media-12

Avropa İttifaqı üçüncü “Avropa Təamları” Kulinariya Festivalını təşkil edir.

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri ilə birgə cari ilin 11 oktyabr tarixində Aquatic Palace, Avropa Oyunlar Parkında üçüncü “Avropa Təamları” Kulinariya Festivalını keçirəcəkdir. Açıq havada keçiriləcək bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməkdir.

 

Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəsi 11 oktyabr saat 13:00-dan 19:00-dək Aquatic Palace, Avropa Oyunlar Parkında (Su İdman Kompleksinin arxası) “Avropa Təamları” Kulinariya Festivalına dəvət edirik. Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.

Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın (Nazlının_mətbəxi) iştirakı ilə ustad dərsləri nümayiş etdiriləcəkdir. Yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxaracaqlar.

“Biz Bakıda üçüncü dəfə “Avropa Təamları” Kulinariya Festivalını keçirməyə məmnunuq. Hər kəsi Avropa ölkələrinin kulinariya aləminə təşkil etdiyimiz bu nadir səyahətdə bizə qoşulmağa və təamların unudulmaz ləzzətindən, canlı musiqi proqramından, kulinariya viktorinalarından və daha çox şeylərdən həzz almağa dəvət edirik”, – deyə Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius bildirib.

 

Tədbir zamanı viktorinaların qalibləri digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və Aİ-na 27 üzv ölkədən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət “Avropa Təamları” kitabını da əldə edə biləcəklər. Kitabı həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin veb səhifəsindən elektron formada əldə etmək mümkündür.

 

“Azeri Home Chef” Facebook səhifəsi tərəfindən tədbirdən əvvəl təşkil olunmuş Avropa yeməklərinin kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin mükafatlandırma mərasimləri də tədbir zamanı baş tutacaqdır. Müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də burada təqdim olunacaqdır. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunacaq.

 

Avropa təamlarından zövq almaq üçün bizə qoşulun!


media-728x90banner

Bənzər xəbərlər