Bakıda “Avropada Təhsil” sərgisi keçiriləcək
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisini elan edir
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi böyük məmnuniyyətlə “Avropada Təhsil” sərgisinin
25-26 oktyabr tarixlərində Bakıda “Hilton” mehmanxanasında keçiriləcəyini bildirir. Sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edəcək və potensial tələbələrə təhsil imkanları barədə məlumat veriləcək.
Şənbə günü 25 oktyabr tarixində saat 12:00-da başlayacaq açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Aİ-na Üzv Dövlətlərin Səfirləri ilə birgə iştirak edəcək.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana KUYUNDZİÇ bildirib: “Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına dəvət edirik. “Taleyini təhsil yazsın” builki təhsil sərgisinin şüarıdır. Təhsil imkanlara açılan bir qapıdır və biz Azərbaycanın gənc nəslini Avropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyə dəvət edirik”.
“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir. Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləmişdir.
Sərginin hər iki günündə təmənnasız olaraq keçiriləcək məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Gənc Avropa Səfirləri Aİ-nin dəstəklədiyi təhsil imkanları haqqında da məlumat verəcəklər.
“Avropada Təhsil” sərgisi şənbə və bazar günləri, 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək
“Hilton” mehmanxanasının “Sevda” zalında keçiriləcək. Avropada təhsil almağa marağı olan bütün tələbə və gənc mütəxəssislər www.eu4azerbaijan.eu/europe-education-fair/ linkdən istifadə edərək qeydiyyatdan keçməyə və
tədbirə qatılmağa dəvət olunurlar.