Bakıdan İrəvəna gedib görüş keçirdilər
İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.
XALQ xəbər verir ki, tədbir barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının ofisi yayıb.
Bildirilib ki, görüşdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. O, bu cür təşəbbüslərin İrəvan-Bakı münasibətlərinin normallaşması prosesinin vacib tərkib hissəsi olduğunu vurğulayıb.
Qriqoryanın sözlərinə görə, belə görüşlər iki ölkə cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsi və birbaşa dialoqun formalaşmasına xidmət edir.
Tədbir iştirakçıları da sülhün bərqərar olması üçün bu cür müzakirələrin davamlı xarakter almasının vacibliyini qeyd ediblər.
Dəyirmi masada Azərbaycan tərəfini Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.