Bank kartı olanların diqqətinə!
Azərbaycanda bank kartlarından istifadə hər il artır, bununla yanaşı kiberdələduzluq və məlumat sızması riskləri də gündəmdə qalır. Bu fonda Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün beynəlxalq PCI DSS təhlükəsizlik standartının tətbiqini məcburi etməyi planlaşdırır. Yeni qaydalar kart məlumatlarının qorunmasını gücləndirməyə və maliyyə sektorunda etibarlılığı artırmağa hesablanıb.
AMB-nin PCI DSS standartını bütün banklar üçün məcburi etməsi vətəndaşların kart məlumatlarının təhlükəsizliyinə və dələduzluq hallarının azalmasına real təsir göstərə bilərmi? Bu yenilik müştərilərin gündəlik maliyyə əməliyyatlarında dəyişikliklərə səbəb olacaq?
İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, ölkəmizdə kart əməliyyatları ilə bağlı baş verən dələduzluq halları kibertəhlükəsizlik problemlərindən qaynaqlanmır:
“Əsasən vətəndaşların maliyyə savadlılığının yetərli səviyyədə olmaması ilə əlaqədardır. Təəssüf ki, bu növ dələduzluq hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri hələ də kifayət qədər deyil. Bir çox hallarda vətəndaşlar kart nömrələrini, CVV kodlarını və digər məxfi məlumatlarını üçüncü şəxslərlə paylaşır, naməlum sayt və keçidlərə daxil olurlar. Nəticədə dələduzluq riskləri artır və vəsaitlərin ələ keçirilməsi halları baş verir”.
İqtisadçı bildirib ki, AMB-nin PCI DSS standartının tətbiqi kart əməliyyatlarının təhlükəsizliyinin artırılmasına xidmət edir:
“Lakin bu, sistemin tam təhlükəsiz olacağı anlamına gəlmir. Kart məlumatlarının qorunması məsələsində vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. İstifadəçilər şəxsi və maliyyə məlumatlarını məxfi saxlamalı, şübhəli keçidlərdən və etibarsız internet resurslarından uzaq durmalıdırlar”.










