Binəqədi rayonunda neft ərazisində tikintilərə hansı məmur icazə verib?
Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, 10 May küçəsində yerləşən yaşayış evlərinin altından keçən neft kollektorunda sızma baş verib.
XALQ bildirir ki, sakinlər ərazidə küçəyə neft sızdığını müşahidə ediblər. Hadisə yerinə baxış keçirilib və kollektor xəttindəki sızmanın aradan qaldırıldığı bildirilir. Bununla belə, vəziyyət ərazidə ciddi təhlükəsizlik risklərinin mövcud olduğunu gündəmə gətirib. Neft kollektoru birbaşa yaşayış evlərinin və həyətlərin altından keçir.
Qeyd olunur ki, mövcud qaydalara əsasən, neft və digər texniki infrastruktur xətlərinin keçdiyi zonalarda müəyyən məsafə (təhlükəsizlik zolağı) daxilində tikinti işlərinin aparılması məhdudlaşdırılır. Bu baxımdan əsas suallardan biri həmin ərazidə yaşayış evlərinin necə və hansı icazələrlə tikilməsi ilə bağlıdır.
Mütəxəssislərin fikrincə, bu tip xətlər üzərində və ya yaxınlığında yaşayış məntəqələrinin formalaşması gələcəkdə daha ciddi qəza, sızma və ya texniki nasazlıq hallarında böyük təhlükələr yarada bilər.
Lakin maraqlıdır ki, bu faktların qarşısında aidiyyatı qurumlar ciddi hərəkət görünmür. Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev araşdırma aparırmı? Bu evlər nə zaman tikilib, kim icazə verib və\ bundan sonrakı vəziyyət və qərarlar nədən ibarət olacaq?










