Bir il oldu…
28 sentyabr 2023-cü il – Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə
xanım Paşayevanın bizdən əbədi ayrıldığı gündür. Bir il keçib amma bir gün olsun belə unudulmayıb Qənirə xanım. O, Səməd Vurğunun Üzeyir bəy Hacıbəyliyə ithaf etdiyi şeiri, özəlliklə, o şeirin bu bəndini çox sevər, çox deyərdi:
“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər”… İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…
Qənirə Paşayevanın – bizim qənirsiz Qənirəmizin haqqa yürüyüşünün birinci ildönümüdür.
Qənirə Paşayeva adının qarşısında yaza biləcəyimiz xeyli titullar, təltiflər var; lakin onları yazmasaq da, qədirbilən insanlar çox yaxşı bilirik ki, o, niyəsiz-necəsiz sevgilər-sayğılar qazanmış, imzasını titula çevirməyi bacarmış bir Yanar Ürək idi!
Bəli, Qənirə xanımın adının qarşısında ictimai birlik rəhbəri olduğunu, çoxsaylı ödüllər qazandığını, qardaş ölkədə neçə-neçə şəhərin fəxri vətəndaşlığı baratını aldığını, yüksək elmi dərəcəsini, neçə dəfə Millət vəkili seçildiyini və s. yazmaq olar; bununla belə, bir insanı ən yaxşı nə ifadə etdiyini də unutmuş deyilik! Ulusumuzun parlaq yeni nəsil aydınlarından olan Qənirə Paşayeva, məhz öz əsərləri ilə yaşayacaq! Qənirə xanımın çoxsaylı yazıları, kitabları, filmləri, layihələri öz yerində… bunlarla yanaşı minlərlə insanın qayğılarına aşina olması, gücünün, yetkisinin çatdığınca dəstək göstərməsi, Milli Məclisdə, o cümlədən Mədəniyyət Komitəsində çıxışları və xeyirxahlıqları da onun əsərləri deyilmi? O, yalnız qələmlə deyil, ruh gücüylə, necə deyərlər, bütün pozitivlərlə əsər yaradan insanlardanıydı!
Bəli, Qənirə xanımın bizdən ayrıldığı gündən bir il keçir amma onun fiziki ömrü mənəvi ölümsüzlükdə davam etməkdədir. O, öz əməli çalışmaları, yaradıcılığı ilə ömür yollarında əbədi yolçu olan – “uzun, incə bir yolda” yürüyən və ömür qoyub gedən örnək aydınlardan biriydi… O insanlar, o örnəklər və Yollar unudulmur – bu, Ağsaçlı Tarixin çoxsaylı təcrübələrinə sabit həqiqətdir…
Türk dünyasının dörd yanında onu sevgiylə, sayğıyla xatırlayırlar. Qənirə xanımın mənəvi varlığı həmişə bizimlə bərabər mübarizələrdədir. O, onu sevənlərin, tanıyanların, bilənlərin qəlbində, qələmində, dilində həmişə var olacaqdır. Bilənlərə salam olsun!
“Xocalının alındığını eşidim, Tanrı canımı alsın”… – Qənirə xanım belə demişdi. Gör, diləyi Tanrı necə agah oldusa, bu dünyaya gözlərini Xocalının, Xankəndinin qurtuluşunun, şər ocağının söndürülməsinin sevinci içində yumdu!
Ruhu şad olsun!










