Birlik və həmrəyliyimizi daha sıx qorumalıyıq
“Yaxın regionda və qonşularımızda cərəyan edən arzuedilməz proseslər fonunda birlik və həmrəyliyimizi daha sıx qorumağa ehtiyac var. Çünki inkişafımızı, dünyada söz sahibinə çevrilməyimizi istəməyən müyyən xarici qüvvələr hər zaman Azərbaycanı regionda baş verən proseslər fonunda hədəf taxtasına çevirmək istəyiblər. Təəssüflər olsun ki, günümüzdə də belədir. Cənub qonşumuzda son vaxtlar yaşanan arzuedilməz proseslər fonunda Azərbaycan cəmiyyəti daxilində İrana olan münasibət prizmasından gərginlik, fikir ayrılığı yaratmağa, beləliklə ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi yenə də bu kimi təxribatlara dəstək vermir”.
Bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti nümayiş etdirdiyi birlik və həmrəylik fonunda məkirli qüvvələrin ölkəmizlə bağlı planlarını pozur:
“Bütün bunlara baxmayaraq birlik və həmrəyliyimizi daha sıx qorumalıyıq. Çünki düşmən hər zaman pusqudadır və ani məqam axtarır ki, öz çirkin planlarını reallaşdırsın. Bunun üçün cəmiyyətin hər bir üzvü, fərdi birliyimiz və həmrəyliyimiz istiqamətində fəaliyyətini gücləndirməlidir”.










