media-mahirr

 

Avqustun 21-i Azərbaycan tarixində qürur və iftixar dolu bir gün kimi yadda qalıb. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri xalqımızın 32 illik həsrətinin sona çatması, işğal dövründə yarımçıq qalmış arzuların gerçəkləşməsi və tarixi ədalətin bərpasının daha bir parlaq nümayişi olub.

Artıq Kəlbəcərdə həyat sıfırdan qurulur, bir vaxtlar viran edilən kəndlərimizdə müasir evlər ucalır, məktəblər tikilir, yollar çəkilir, elektrik, qaz və su xətləri bərpa olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Azərbaycanın həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər bölgəsi yaxın illərdə ölkənin ən müasir infrastrukturuna malik mərkəzlərdən biri olacaq. Bu, həm dövlətin gücünü, həm də xalqın öz yurduna bağlılığını göstərir. Kəlbəcərin təbii sərvətləri, zəngin flora və faunası da bərpa olunur. İllərlə talan edilən meşələr, yandırılan kəndlər, dağıdılan təsərrüfatlar artıq dirçəlir. Bu torpaqlarda yenidən kənd təsərrüfatı inkişaf etdirilir, turizm potensialı reallaşdırılır. Beləliklə, Kəlbəcər yalnız azad olunmuş torpaq deyil, həm də Azərbaycanın yeni inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilir.

Səfər çərçivəsində Prezident İlham Əliyev çıxışında tarixi həqiqətləri də diqqətə çatdırdı. 1990-cı illərin əvvəllərində baş verən faciələrin kökündə Ermənistanın hərbi təcavüzü ilə yanaşı, ölkə daxilindəki xəyanət də dayanırdı. AXC-Müsavat cütlüyü hakimiyyət hərisliyinə qapılaraq xalqın maraqlarını qurban verdi, strateji əhəmiyyətli bölgələrin müdafiəsini təmin etmədi. Nəticədə alınmaz qala hesab edilən Şuşa təslim edildi, ardınca Laçın və Kəlbəcər işğal olundu. Bu hadisələr ən ağır və acı xatirələrdən biri kimi yadda qaldı. Amma Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. On illərlə davam edən sarsıntılara, məhrumiyyətlərə baxmayaraq, xalq ümidini itirmədi və bir gün haqqın bərpa olunacağına inandı. Məhz bu inam mübarizənin əsas dayağına çevrildi.

44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu hər gün irəliləyir, xalq isə əsgərləri ilə bir nəfər kimi həmrəy dayanırdı. Ermənistan isə müqavimət gücünü itirdi və nəhayət, kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Kəlbəcərin bir güllə atmadan azad olunması müdrik siyasətin, güclü diplomatiyanın nəticəsi idi.

İşğal illərində Ermənistan hər yeri dağıtmış, kəndlərimizi viran qoymuş, təbiətimizi talan etmişdi. Lakin Azərbaycan xalqı dağıntılar içində belə təməli möhkəm olan bir iradəyə sahib idi. Bu gün həmin torpaqlarda mühüm infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq” sözləri bu günün reallığını əks etdirir. Bu mənzərə sübut edir ki, Azərbaycan xalqı həm müharibədə qalib gəlib, həm də sülh və quruculuq missiyasını şərəflə həyata keçirir. Qalibiyyətimizi daha da möhkəmləndirən amillər məhz dağıntıların yerində yeni həyat, yeni inkişaf və parlaq gələcəyin qurulmasıdır.

Azərbaycanın beynəlxalq mövqeyi hər zaman ədalətə, haqq və hüquqa əsaslanıb. Tarix boyunca heç vaxt işğalçılıq siyasəti yürütməyən dövlətimiz öz ərazi bütövlüyü uğrunda haqq mübarizəsi aparıb. 44 günlük Vətən müharibəsi bu həqiqəti bütün dünyaya nümayiş etdirib. Ölkəmiz heç kimin torpağını zəbt etməyib, şəhər və kəndlərini viran qoymayıb, etnik təmizləmə aparmayıb. Şanlı ordumuz yalnız öz doğma torpaqlarımızda vuruşub, xalqımız şəhidlər verdi və nəhayət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tarixi ədalət bərpa olunub. Həmin prinsipial mövqe beynəlxalq tərəfdaşlarımız tərəfindən də qəbul edilib.

Ölkəmiz illərdir dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul olunur, çünki atdığı bütün addımlar beynəlxalq hüquqa, sülhə və əməkdaşlığa söykənir. Buna görə də dövlətimizin nüfuzu artıb, mövqeyi güclənib, tərəfdaşlıq əlaqələri genişlənib. Bütün bu reallığı Kəlbəcərə səfəri çərçivəsində Prezident İlham Əliyev də çıxışında qətiyyətlə ifadə edib: “Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu”.

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha göstərir ki, Azərbaycan artıq öz haqqını bərpa etmiş, tarixi ədaləti təmin etmiş, xalqını doğma yurduna qaytarmış güclü bir dövlətdir. Bu səfər həm də gələcəyə ünvanlanmış çağırış idi – işğal dövründə dağıdılan hər bir kənd bərpa olunacaq, hər bir məcburi köçkün doğma torpağına qayıdacaq, Böyük Qayıdış prosesinə heç bir amil mane ola bilməyəcək. Kəlbəcər bu gün həm Qələbənin, həm də Böyük Qayıdışın bir təzahürüdür. Rayonun azad olunması və sürətlə inkişaf etdirilməsi Azərbaycanın gücünü, xalqımızın birliyini və dövlətimizin iradəsini bütün dünyaya nümayiş etdirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər