“Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti kimi öz milli maraqlarını rəhbər tutaraq, qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və mütəmadi olaraq da bu münasibətlərin inkişafı ilə bağlı yeni tendensiyaları müşahidə edirik, çünki hər zaman pozitiv mövqedəyik”. Bu sözləri Xalq.az -a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

 

O bildirib ki, bu konteksdə cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir: “Çünki, məsələnin təkcə siyasi, iqtisadi yox, eyni zamanda tarixi yönü var. Nəzərə almaq lazımdır ki, Azərbaycan və İran xalqları əsrlərdir ki qarşılıqlı təmasdadır, sosial-mədəni mübadilə yüz illərdir ki, özünü göstərir.

Cari ilin 19 may tarixində Azərbaycan və İran prezidentlərinin görüşü baş tutdu və dövlət başçıları Araz çayı üzərində “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində iştirak etdilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İran bu kimi layihələrdə dünyanın aparıcı dövlətlərindəndir və bu dövlətin təcrübəsindən faydalanmaq Azərbaycanın İranla münasibətlərə və onun mövcud təcrübəsinə olan hörmətin və hörmət amilinə əsaslanan yanaşmanın təzahürüdür.

Azərbaycan dövlət başçısı bildirdi ki, bu layihə Arazın hər iki sahilini birləşdirən rəmzi layihədir. Əslində Araz çayı üzərindəki bu görüşün özü belə mühümdür. Çünki, regionda hazırda qlobal siyasi maraqların toqquşması Cənubi Qafqazın ümumi təhlükəsizlik mühiti üçün təhdid amilini ortaya çıxararkən, bu kimi görüşlər iki qonşu dövlətin ortaq fikirliliyini və qarşılıqlı münasibətlərin inkişafına olan xüsusi diqqəti bir daha təsdiq edir. İran prezidentinin “iki ölkə arasında qəlbən və tarixi bağlılığı var” fikri də bu dediklərimizi təsdiq edir”.

“Prezident cənab İlham Əliyevin çıxışından bir hissəni sitat gətirmək istərdim; dövlət başçısı Arazın İran tərəfindəki yaşayış obyektlərini işarə edərək, yaxın zamanda Arazın Azərbaycan tərəfində də mülki həyatın, yaşayış obyektlərinin olacağına vurğu etdi. Bu vurğunu bir dəvət olaraq da qəbul etmək mümkündür ki, yəni Azərbaycan Qarabağı bütövlükdə azad etdi və yaxın zamanda mülki həyatın geri qayıtması, işğaldan azad edilmiş torpaqların bütövlükdə Azərbaycanın digər rayonlarına inteqrasiyası, xüsusilə də sosial inteqrasiyası üçün son dərəcə qərarlıdır və bu yeni geosiyası reallıqların mühüm parçasıdır. İranda zaman-zaman erməniyönümlü səslərin özünü göstərdiyini nəzərə alsaq, bu İran üçün ona görə dəvət xarakterlidir ki, İran mövcud geosiyasi reallıqlarla barışsın və Azərbaycanla münasibətlərin də bu amili nəzərə alsın.

Nəticə olaraq qeyd etmək istərdim ki, bu kimi layihələr təkcə 2 dövlət arasında enerji, kənd təsərrüfatı, içməli su problemi kimi yox, eyni zamanda siyasi, sosial konteksdən dəyərləndirilməlidir. Çünki, hər iki dövlət başçısının xüsusilə vurğuladığı kimi Azərbaycan və İran xalqları qonşu və qardaş xalqlardır və bu münasibətlər uzun tarixi köklərə gedir çıxır. Bu nöqteyi-nəzərdən, atılan addımlar və həyata keçirilən layihələr eyni zamanda iki dövlət arasındakı münasibətlərin inkişafını hədəfləməkdədir” – deyə o, əlavə edib.


media-728x90banner

Bənzər xəbərlər