media-ucan

Son günlər paytaxtın müxtəlif ərazilərində, xüsusilə Binə qəsəbəsində qanadlı qarışqaların kütləvi şəkildə görünməsi sakinlərin diqqətini cəlb edib. Sosial şəbəkələrdə də yayılan videogörüntülərdə minlərlə həşəratın yaşayış binalarının ətrafında, eyvanlarda, küçə işıqlarının yaxınlığında toplandığı müşahidə olunur. Tez-tez görməyə adət edilməyən bu mənzərə bəzi vətəndaşlarda narahatlıq yaradıb, həşəratların sayının birdən-birə artmasının səbəbləri ilə bağlı müxtəlif suallar ortaya çıxarıb.

 

 

Sakinləri ən çox maraqlandıran məqamlardan biri isə bu həşəratların insan sağlamlığı üçün təhlükə yaradıb-yaratmaması, eləcə də onların yaşayış məntəqələrində kütləvi şəkildə görünməsinin hansı amillərlə əlaqəli olmasıdır. Xüsusilə isti hava şəraitinin hökm sürdüyü son günlərdə müşahidə olunan bu halın təbii proses, yoxsa hər hansı ekoloji dəyişikliklə bağlı olması barədə fərqli fikirlər səsləndirilir.

Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutuna müraciət edib.

Qurumun “Onurğasızların biomüxtəlifliyi və ekologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə bildirib ki, evlərdə və yaşayış məntəqələrində uçan qarışqaların görünməsi onların təbii çoxalma dövrü ilə əlaqədardır.

Bakının bəzi ərazilərində uçan qarışqalar çoxalıb: SƏBƏB NƏDİR?

O qeyd edib ki, uçan qarışqalarla bağlı ciddi risk faktoru yoxdur:

“Uçan qarışqaların çoxalması yaz və yay aylarının əvvəllərinə təsadüf edir. Bu zaman qanadlı analar və erkək fərdlər qısa müddətdə cütləşmək üçün yuvadan çıxıb uçuşurlar. Sözügedən canlıların insanlar üçün heç bir təhlükəsi yoxdur. Əgər sayları çoxdursa, onları təbii vasitələrdən – çay ağacı, evkalipt, nanənin efir yağlarının suda məhlulundan və yaxud kimyəvi preparatlardan (insektisidlər) istifadə etməklə uzaqlaşdırmaq olar. Yuvanı aşkar etmisinizsə, onu qapatmaq olar”.


media-728x90banner

Bənzər xəbərlər