Bu ölkələrin səfirlikləri Tehrandan Bakıya köçürülüb
Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.
XALQ xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Tom Berendsen “X” hesabında məlumat yayıb.
“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb. İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, Niderland səfirliyinin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, – deyə o əlavə edib.
Həmçinin qeyd edək ki, Serbiyanın İrandakı səfirliyi Azərbaycana köçürülüb.
Bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç açıqlama verib.
O bildirib ki, Serbiya səfirliyi Tehranda zərər görüb və səfirliyin əməkdaşları təxliyə edilir. Vuçiçin sözlərinə görə, diplomatik personal təhlükəsizlik məqsədilə Bakıya yönləndirilir.
Eyni zamanda İranla sərhəddə yerləşən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz keçidi təmin olunur.
Son məlumata görə, 3 Banqladeş, 3 Qətər və 1 Pakistan vətəndaşı İran ərazisindən çıxarılaraq Azərbaycana gətirilib. Həmçinin, İordaniyanın Tehrandakı səfirliyinin 4 əməkdaşı da Bakıya təxliyə olunub.
Rusiya mediasının yazdığına görə, Rusiya vətəndaşlarının İran ərazisindən çıxarılması üçün artıq 500-ə yaxın sərhəd keçid icazəsi verilib.
Bundan əlavə, 53 Azərbaycan vətəndaşı İran ərazisindən çıxarılaraq təhlükəsiz zonaya keçib.
Hazırda yaranmış gərginlik fonunda Bakı yalnız milli maraqlar çərçivəsində deyil, həm də beynəlxalq humanitar məsuliyyət kontekstində hərəkət edir.










