media-mecliss

Aprelin 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasda gündəmdə olan bir sıra məsələlər ətrafında aparılan müzakirələr

XALQ xəbər verir ki, iclasda gündəlikdə olan  bir sıra qanunlarda dəyişikliiklər müzakirə çıxaılıb.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bu  qanun layihəsi barədə məlumat verib.

media-amina

O, bildirib ki, layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərinin istifadəsi ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsindən ibarətdir.

Deputat Vüqar Bayramov məsələ barədə öz fikirlərini söylədikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

 

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

media-eli

Komitə sədri bildirib ki, layihədə süni intellekt texnologiyalarından sui-istifadənin qarşısının alınması və ondan etik çərçivədə istifadənin təmin edilməsi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. O, layihənin komitələrin birgə iclasında müzakirə olunduğunu, həm komitədə, həm də plenar iclasda məsələ ilə bağlı deputatların səsləndirdiyi fikirlərin işçi qrupu tərəfindən dinlənildiyini söyləyib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edərək, təklif olunan dəyişikliklərin vətəndaşların hüquq və mənafelərinin qorunmasına xidmət etdiyini bildirib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.

Komitə sədri layihədə təklif olunan dəyişikliklərin bir hissəsinin süni intellektdən etik çərçivə və məsuliyyətlə istifadə edilməsi ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, dəyişikliyə əsasən, süni intellekt vasitəsilə hazırlanan və kütləvi nümayiş etdirilən materialların nişanlanmadan yayılmasına, paylaşılmasına görə inzibati məsuliyyət tətbiq olunacaq. O, digər dəyişikliklərdə “Uşaq hüquqları haqqında” Qanunun tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq tənzimləmələrin aparılmasının nəzərdə tutulduğunu deyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti məsələnin “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin olduğunu deyib. O, layihədə təklif olunan dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və qanunvericiliyin tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. Bildirilib ki, təqdim olunan sənəddə qanunvericiliyin tələblərinə və normayaratma texnikasının qaydalarına uyğun olaraq “Dövlət icra məmurları haqqında”, “İcra haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda bəzi ifadələrin dəqiqləşdirilməsi, müvafiq normaların uyğunlaşdırılması və bir sıra texniki xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Həmçinin

Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb.  Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişikliklərlə bağlı məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur.

Həmçinin, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada təqdim olunur və təxribat cinayətinə görə məsuliyyətin əhatə dairəsi genişləndirilir. Dəyişikliklə təxribat anlayışı müasir təhlükəsizlik çağırışlarına uyğunlaşdırılır. Belə ki, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinə, enerji və nəqliyyat infrastrukturuna, telekommunikasiya şəbəkələrinə qarşı yönəlmiş hərəkətlər də təxribat əməli kimi müəyyən edilir. Bununla yanaşı, ilk dəfə olaraq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə həyata keçirilən dağıdıcı fəaliyyətlər də təxribat cinayətinin tərkibinə daxil edilir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər