Sumqayıtda binaların birinci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat ….
Sumqayıtda işdən uzaqlaşdırılan baş memarın malik olduğu sərvətlə bağlı ortaya çıxan iddialar ciddi müzakirələrə səbəb olub. XALQ Musavat.com-a istinadən xəbər verir ki, onun və yaxın qohumlarının adına rəsmiləşdirilmiş çoxsaylı bahalı avtomobillər və daşınmaz əmlak mövcuddur. Siyahıda yer alan nəqliyyat vasitələri arasında müxtəlif markalı avtomobillər üstünlük təşkil edir. Söhbət Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyevdən gedir. Onun adı ötən il Sumqayıtda “alma davası” üzərindən medianın diqqət mərkəzinə düşmüşdü. Rəşad Əhmədalıyev şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsinə rəhbərlik etmişdi. Bu isə sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaratmış, nəticə etibarı ilə Rəşad Əhmədalıyev tutduğu postdan uzaqlaşdırılmışdı.
Rəşad Əhmədalıyev haqqında uzun müddətdir ciddi varlanma iddiaları səngimir. Onun mülkləri haqqında şəhərdə söz-söhbətlər geniş yayılıb. Məlumata görə, 3 il ərzində həddindən artıq varlanan Rəşad Əhmədalıyevin müdirliyi dövründə şəhərin açıq hərraca çıxarıldığı deyilir.
Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub.
Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var. Başqa bir məlumatda vurğulanır ki, onun bir neçə bahalı maşını, torpaq sahələri, obyektləri var.
Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlaması ilə əlaqəli idi. Yayılan son məlumatlarda isə Rəşad Əhmədalıyevin 3 illik müdirliyi dövründə topladığı varidat haqda daha müfəssəl məlumatlar var.
Belə ki, qeyd olunur ki, sabiq baş memarın istifadəsində və ya ailə üzvlərinin adına rəsmiləşdirilmiş “Hyundai Santa Fe”, “Lexus” (yeni model), “Range Rover” (iki fərqli yeni model), Toyota Camry” və “Chevrolet” markalı cip tipli avtomobillər var. Bildirilir ki, bu avtomobillərin hamısı qara rəngdədir.
Bununla yanaşı, iddialara əsasən, Sumqayıt şəhərində baş memarın yaxınlarının adına rəsmiləşdirilmiş çoxsaylı köşk, ticarət obyektləri və mənzillər də mövcuddur.
Sərvətin miqyası ilə bağlı ortaya çıxan bu məlumatlar ictimaiyyətdə ciddi rezonans doğurub. Bu qədər var-dövlət hansı mənbələr hesabına formalaşıb? Mənbələrin iddiasına görə, bu avtomobillərin hamısı qara rəngdədir ki, bu da bir növ “status simvolu” kimi təqdim olunur.
Amma məsələ təkcə avtomobillərlə bitmir. Ən ciddi iddialar daşınmaz əmlakla bağlıdır. Bildirilir ki, Sumqayıt şəhərində keçmiş baş memarın yaxın qohumlarının adına rəsmiləşdirilmiş saysız-hesabsız ticarət köşkləri, “budka” kimi tanınan kiçik obyektlər və müxtəlif ünvanlarda yerləşən mənzillər mövcuddur. Bu obyektlərin bir hissəsinin icarəyə verildiyi, digərlərinin isə kommersiya məqsədilə istifadə olunduğu ehtimal edilir. Maraqlı məqam isə ondan ibarətdir ki, bu əmlakların böyük hissəsinin birbaşa məmurun öz adına deyil, qohumlarının adına rəsmiləşdirildiyi bildirilir.
Bu isə klassik gizli mülkiyyət sxemini yada salır. Yəni rəsmi gəlirlərlə izahı mümkün olmayan sərvətin dolayı yollarla gizlədilməsi cəhdi kimi qəbul olunur.
Xüsusilə də söhbət şəhərsalma və tikinti kimi yüksək korrupsiya riski olan sahədən gedirsə, məsələ daha da ciddiləşir.
Qeyd edək ki, baş memar vəzifəsi şəhərin inkişaf planlarına, tikinti icazələrinə və torpaq bölgüsünə birbaşa təsir imkanları yaradır. Bu səlahiyyətlər isə bəzi hallarda şəxsi maraqlar naminə sui-istifadə riskini artırır. Məhz bu səbəbdən belə vəzifələrdə çalışan şəxslərin maliyyə şəffaflığı daim ictimai nəzarət altında olmalıdır. Hazırda səsləndirilən iddialarla bağlı rəsmi qurumların mövqeyi açıqlanmayıb.
Lakin ortaya çıxan məlumatların miqyası nəzərə alınarsa, hüquq-mühafizə orqanlarının bu məsələyə reaksiya verməsi qaçılmaz görünür. Çünki söhbət təkcə bir məmurun sərvətindən yox, ümumilikdə idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipindən gedir.











