Bildiyimiz kimi, sürücülərin sükan arxasında telefonla danışmalarına görə 50 manat cərimə tətbiq olunur. Lakin sürücülərimiz artıq bunun da çarəsini tapıblar. Əksər sürücülər cərimədən yayınmaq üçün telefonla danışarkən ya səsucaldıcını aktivləşdirir, ya da qulaqcıqdan istifadə edirlər. Belə halda çoxları cərimədən canını qurtarsa da, həm özünün, həm də piyadaların canına gələn xətadan qurtara bilmirlər. Qaçılmaz qəzaların qarşısını almaq üçün qaydaların sərtləşdirilməsi, cərimələrin artırılması təklif edilir.

Bununla bağlı  Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, çox aktual məsələdir, çünki insan amilindən söhbət gedir.

“Gənclərimiz, xüsusən məktəblilər piyada keçidlərindən keçərkən bəzən yola fikir vermirlər. Avtomobil sürücüləri də telefondan istifadə edəndə, yola diqqət etməyəndə, əlbəttə ki, qəza törədirlər. Bəzi sürücülər aşağı sürət həddi olan yollarda maşını sürətlə sürürlər. Birinci növbədə qəzalara səbəb elə telefon bəlamızdır. Artıq telefona fobiya yaranıb. Çünki avtomobil idarə edərkən, yolu keçərkən hər kəsin əlində telefon, qulağında qulaqcıq var. Bəzən qarşıdakı sürücü dönmə işığını yandırır, amma arxadan gələn sürücü diqqət etmir, hər kəs üçün təhlükə şəraiti yaradır. Parlamentdə inzibati xətalarla, cərimələrlə bağlı qanunlara neçə dəfə dəyişikliklər etmişik? Görünür, cərimələrin qalxması ilə, yaxud inzibati qaydada tənbeh etməklə bu məsələ həllini tapmayacaq. Gərək insanlar özləri də məsuliyyətli olsunlar. Hər bir sürücü düşünsün ki, ailəsinin ona ehtiyacı var, valideynləri, övladları yolunu gözləyir. Öz övladlarını da, başqa insanların övladlarını, həyatlarını da göz önünə gətirsinlər. Başqalarının həyatına qəsd etməklə günah qazanmasınlar. Bir sözlə, gərək insanın vicdanı olsun”, – deputat bildirib.

C.Paşazədə qeyd edib ki, “Bolt”, “Uber” kimi taksi sürücüləri də yollarda müəyyən qədər çətinliklər yaradırlar: “Qeyri-qanuni şəkildə sağa-sola dönürlər, bu da qəza hadisələrinə səbəb yaradır. Düşünürəm, bu sahədə profilaktik işlər aparılmalıdır. Bununla bağlı televiziya kanallarında da söhbətlər, verilişlər olmalıdır. Mətbuat da fəallıq göstərməli, insanlara inzibati yolla yox, maarifləndirmə yolu ilə məsələnin mahiyyətini, ciddiliyini aşılamalıdır. Çünki bu, böyük bir bəladır. Respublikanın hər yerində yol qəzaları ilə bağlı xəbərləri eşidirik. Xüsusən indi yay aylarında istirahətlə əlaqədar avtomobilləri ilə rayonlara axın edənlər çoxdur. Gərək insanlar özləri də nəzərə alsınlar. Bir şeyə diqqət etmişəm, rayon yolu, kənd yolu ilə gedəndə  həmin rayonda, kənddə yaşayan yerli sürücülər avtomobillərini elə sürürlər ki, yəni bunun kəndidir, maşını belə sürməlidir. Elə bil bunun kəndində maşın bunu vurmaz, öldürməz. Maşındır, hər yerdə hadisə törədilə bilər – sənin kəndində də, mənim kəndimdə də. Hər birimiz qanuna tabe olmalıyıq. Dövlətimizin qəbul etdiyi qanun xalq üçündür. Xalq da qanunlara düzgün əməl etməlidir. İnsanlarımız ehtiyatlı olsunlar. Qəza hallarına rəvac verməsinlər. Bu məsələni gündəmdə saxlamaq lazımdır ki, insanlarımız daha yaxşı dərk edə bilsinlər. Hər dəfə dediklərimizlə iki nəfərin həyatını, sağlamlığını qoruya biləcəyiksə, böyük şeydir”.


media-728x90banner

Bənzər xəbərlər