media-022

Test kitablarında və olimpiadalarda istifadə olunan yad və süni adlar yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Xüsusilə məktəblilər və valideynlər arasında bu yanaşmanın nə dərəcədə doğru olduğu ilə bağlı suallar artmaqdadır. Mütəxəssislər hesab edirlər ki, məsələ yalnız termin və ya ad seçimi deyil, bütövlükdə tədris fəlsəfəsi və milli təhsil modelinə yanaşma ilə bağlıdır.

XALQ xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Şəmsi Qoca olimpiadaların sual mətnlərində “Alex”, “Valex”, “Dalex” kimi süni və yad adların istifadəsinin milli təhsil metodikasına ciddi mənfi təsir göstərdiyini bildirib:

“Bu cür adlar şagirdi öz doğma sosial və mədəni mühitindən uzaqlaşdıraraq ona yad kontekst təqdim edir. Bu isə təkcə dil məsələsi deyil, həm də şüuraltı səviyyədə təsir yaradır. Şagirdin düşüncəsində belə bir yanlış qənaət formalaşır ki, elm və bilik yalnız xarici mühitə məxsusdur. Nəticədə ana dilinin və milli kimliyin təhsil prosesindəki nüfuzu zəifləyir”.

Ekspert vurğulayıb ki, bu yanaşmanın pedaqoji baxımdan da ciddi mənfi tərəfləri var. Onun sözlərinə görə, xüsusilə aşağı və orta yaş qruplarında oxşar səslənən və qeyri-adi adlar əlavə koqnitiv yük yaradır:

“İmtahan və ya testin əsas məqsədi şagirdin məntiqi təfəkkürünü, analitik düşünmə qabiliyyətini ölçməkdir. Lakin bu tip qondarma və bir-birinə bənzər adlar uşağın diqqətini əsas məsələdən yayındırır. Şagird vaxt və enerji sərf edərək əvvəlcə personajları ayırd etməyə çalışır, daha sonra isə məsələnin həllinə keçir. Bu isə həm vaxt itkisinə, həm də zehni yorğunluğa səbəb olur. Belə hallarda sualın çətinliyi riyazi məzmundan deyil, süni şəkildə yaradılmış dil baryerindən qaynaqlanır ki, bu da qiymətləndirmədə ədalət prinsipini pozur”.

Şəmsi Qoca hesab edir ki, problemin əsas səbəblərindən biri beynəlxalq materialların yerli kontekstə uyğunlaşdırılmadan tətbiq olunmasıdır. Onun fikrincə, bu, metodiki yanaşmada ciddi boşluqlardan xəbər verir:

“Beynəlxalq təcrübədən istifadə müsbət haldır, lakin bu materiallar mütləq şəkildə yerli mühitə adaptasiya olunmalıdır. Təəssüf ki, bəzi hallarda bu proses həyata keçirilmir və hazır materiallar olduğu kimi tətbiq edilir. Bu isə metodiki tənbəllikdir və milli təhsilin maraqlarını ikinci plana keçirir. Əgər təhsil sistemi qlobal bilikləri milli kontekstə uyğunlaşdıra bilmirsə, bu artıq keyfiyyət məsələsidir”.

Ekspert əlavə edib ki, tədris materiallarında milli dəyərlərin, yerli adların və toponimlərin istifadəsi şagirdin həm mövzunu daha rahat qavramasına, həm də öz kimliyinə bağlılığının güclənməsinə xidmət edir:

“Şagird üçün tanış adlar və mühit təsviri onun dərsə marağını artırır, qavrama prosesini asanlaşdırır. Əks halda, yad elementlər təhsil prosesini mexaniki və soyuq hala gətirir. Təhsil yalnız bilik ötürmək deyil, eyni zamanda şəxsiyyət formalaşdırmaqdır”.Yenicag.az


media-728x90banner

Bənzər xəbərlər