Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış və qəbul imtahanlarının vaxtını açıqlayıb.
Xalq.az-ın məlumatına görə, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də, 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək.
Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq. Buraxılış imtahanları iyunun 8-də Azərbaycan bölməsinin məzunları üçün Bakı, Sumqayıt, Abşeronda keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin gün Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Zaqatala, Xaçmaz, Balakən rayonlarının rus bölməsi məzunları imtahan verəcəklər.
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı II və III qruplar üzrə mayın 11-də, I və IV ixtisas qrupları üzrə isə mayın 18-də baş tutacaq.
Magistratura pilləsinə qəbul proqramında isə bəzi dəyişikliklər var. Artıq bu pillədə qiyabi təhsil yoxdur və bu istiqamətdə plan yerləri keçən illə müqayisədə 5 % azalıb.
Mayın 4-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 25 aprel 2014-cü ilə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər.
“Elektron ərizə”lərini 25 aprel 2014-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri isə “Azərbaycan dili” fənni üzrə iyulun 3-də keçiriləcək növbəti imtahanda özlərini sınayacaqlar.











