“Buzdağı” MMC adi suyu “filtrli” adı ilə müştərilərə satır?
“Buzdağı” MMC-nin su istehsalında biabırçılıq – Krant suyunu “filtrli içməli su” adı ilə vətəndaşa satırlar
Məlumata görə “Buzdağı” MMC adlı su istehsalı şirkətinin fəaliyyətində gigiyenik qaydalara əməl olunmaması və istehlakçılara keyfiyyətsiz su satılması barədə yeni qalmaqallı məlumatlar yayılıb. Redaksiyamıza müraciət edən vətəndaşın təqdim etdiyi video oktyabr ayında qeydə alınıb və görüntülərdə şirkətin çirkli, antisanitar şəraitdə su doldurduğu açıq şəkildə görünür.
Filtrasiya prosesinə əməl olunmadığı iddia edilən müəssisədə su bidonlara plastik şlanq vasitəsilə doldurulur. Mütəxəssislərin fikrincə, bu cür filtr olunmamış su insan sağlamlığı üçün təhlükəlidir və mədə-bağırsaq, böyrək, həmçinin bakterial xəstəliklərin yaranmasına səbəb ola bilər.
Etibarlı mənbədən aldığımız məlumata görə, şirkətin filtr aparatları artıq 4 aydan çoxdur ki, işləmir. Bu müddət ərzində isə fürsətdən istifadə edən “Buzdağı” MMC vətəndaşlara sadəcə krant suyunu “içməli su” adı ilə satmaqda davam edib. Daha da narahatedici məqam isə ondan ibarətdir ki, su ana boru xəttindən qanunsuz şəkildə əldə olunur.
Bu, təkcə istehlakçı hüquqlarının kobud şəkildə pozulması deyil, həm də dövlətə məxsus su ehtiyatlarının qanunsuz mənimsənilməsi anlamına gəlir. Artıq bu məsələni “Azərsu” ASC-nin araşdırması zəruridir.
İddialara əsasən, həmin antisanitar depodan yalnız “Buzdağı” MMC deyil, həm də digər markalar – “Damacan”, “Dağ suyu”, “Sərin bulaq su”, “Mono su”, “Dağ sarayı”, “Tamlı su”, “Can su”, “Qarabulaq su”, “Zərif su”, “Ağ su”, “Mutlu su”, “Aqua Port”, “Buzlaq su”, “Qeysəri”, “Saf su” və “Bəy bulağı” kimi şirkətlərin də məhsullarının doldurulduğu ehtimal olunur.
Bu markalardan bəziləri ölkənin iri supermarket şəbəkələrində açıq şəkildə satışdadır. Əgər bu faktlar təsdiqini taparsa, deməli, mağaza rəflərinə çıxan “içməli su” əslində krant suyundan başqa bir şey deyil.
Məlumatlara görə, “Buzdağı” MMC daha əvvəl də gigiyenik tələbləri pozduğuna görə cərimə olunub, lakin görünür ki, sahibkar bu cəzadan nəticə çıxarmayıb və vətəndaşların sağlamlığını yenidən təhlükəyə atmaqda davam edir.
Araşdırmalarımız nəticəsində məlum olub ki, “Buzdağı” markası Türkiyədə məşhur iş adamı Mahmut Kösemusul-a məxsus su istehsalı fabrikinin adıdır. Bu adın Azərbaycanda patentinin olub-olmaması isə hələ də sual altındadır. Görünür ki, azərbaycanlı “sahibkar” başqasına məxsus şirkət adından istifadə edərək, öz vətəndaşlarına bakteriyalı su içirməyi özünə rəva bilir.
“Millisfera.az” xəbər portalı olaraq, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA), “Azərsu” ASC-ni, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini və digər aidiyyəti dövlət qurumlarını bu biabırçılığı təcili araşdırmağa və vətəndaşların sağlamlığını ciddiyə almağa çağırırıq.
Əgər bu iddialar təsdiqlənərsə, bu, təkcə məsuliyyətsizlik deyil – xalqın suyundan mənfəət qazanan, saxtakarlıqla ört-basdır edilən təhlükəli biznes modelidir.
Yayılan görüntülər AQTA tərəfindən nəzarətə götürülüb. Məsələ tərəfimizdən araşdırılaraq, qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq deyə məlumatda bildirilir.










