Buzovnadakı 26 saylı orta məktəbdə ibtidai siniflərdə nə baş verir? – Valideynlər narazıdır
Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən İftixar Tağıyev adına 26 saylı orta məktəbdə ibtidai siniflərdən müxtəlif adlar altında pul yığılması ilə bağlı iddialar səslənir. Bu, ölkə məktəblərində ən çox qarşılaşılan problemlərdən biridir və valideynlərin sözlərinə görə, məktəbdə hələ də davam edir.
XALQ-a danışan, adlarının açıqlanmasını istəməyən valideynlər bildiriblər ki, ibtidai siniflərdə oxuyan uşaqların valideynləri artıq bu vəziyyətdən narazıdır. Onların sözlərinə görə, toplanan vəsaitlər müxtəlif adlarla təqdim edilir və valideynlər artıq sözün əsl mənasında beziblər.
Məlumatda qeyd olunur ki, bu proses məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əliyeva tərəfindən həyata keçirilir. Leyla Əliyeva ibtidai siniflərin yerləşdiyi korpusa nəzarət edir və valideyn komitələrini özü təşkil edir.
Təlim-tərbiyə işləri üzrə digər direktor müavini Niyaməddin Əliyev isə böyük siniflərin yerləşdiyi digər korpusa nəzarət edir. Valideynlərin iddiasına görə, burada da oxşar vəziyyət hökm sürür və müxtəlif adlar altında pul yığımı davam edir.
Məktəbin direktoru Yaqut Məmmədovadır. Məlumata görə, direktor daha ciddi proseslərlə bağlı dərsə gəlmək istəməyən, hazırlıqlara gedən uşaqların valideynləri ilə razılaşma əsasında məsələləri həll edir. Valideynlərin sözlərinə görə, məktəbdə onlarla şagird dərsə gəlmir və bu vəziyyət direktorla razılaşdırılıb.
Orta məktəblə bağlı əlavə məlumatları dəqiqləşdirmək məqsədilə açıqlama almaq hələ mümkün olmayıb. Valideynlər məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma aparılmasını tələb edirlər.










