“Cəbrayılın Ermənistanın silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğalı ilə Cəbrayıl şəhəri, 4 qəsəbə və 92 kənd düşmənin əlinə keçmişdi. İşğal dövrü Cəbrayılda da erməni vandalizminin ən iyrənc təzahürləri ilə müşayiət olunurdu. Yüzlərlə abidələrimiz, tarixi məqbərə və məscidlərimiz yerlə-yeksan edildi. Xudafərin körpüləri, Sultan Məcid hamamı, qədim türbələr və digər mədəni irs nümunələri qəsbkarların hədəfinə çevrildi. Minlərlə cəbrayıllı ölkənin müxtəlif bölgələrinə səpələndi, ağır şəraitdə – çadır düşərgələrində, yarımçıq binalarda yaşamağa məcbur oldu.”

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat vurğulayıb ki, xalqın bu əzablı illərə dözməsinin arxasında hər zaman bir ümid vardı – doğma torpaqlara qayıdış arzusu:

“Bu qayıdışın ilk işartısı hələ 1994-cü ildə Horadiz əməliyyatı ilə Cocuq Mərcanlının azad olunmasında göründü. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpənin alınması isə Böyük Qayıdışa gedən yolun açılışı oldu. Torpaqlarımızın azad olunması 27 ildən sonra – 2020-ci ilin Vətən müharibəsində əldə edildi. Əlbəttə ki, Cəbrayılın strateji əhəmiyyətini düşmən də düzgün dəyərləndirirdi. Buna görə də ermənilər burada möhkəm istehkamlar qurmuşdular. Lakin şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək bütün bu müdafiə xətlərini yardı. Cəbrayılın azad olunması ilə müharibənin gedişi köklü şəkildə dəyişdi. Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətində uğurlu əməliyyatların keçirilməsi üçün yeni taktiki imkanlar yarandı. Laçın dəhlizinə nəzarətin bərpası da məhz bu zəfərin nəticəsi idi.”

G.Qəhrəmanov xüsusi olaraq qeyd edib ki, Cəbrayıl zəfəri həm də mənəvi gücün təntənəsi idi:

“Azərbaycan əsgəri Xudafərin körpülərinə bayrağımızı sancanda, bu, əsrlərin tarixi yaddaşı ilə bu günün qələbəsini birləşdirdi. Əlbəttə ki, bu qəhrəmanlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. On minlərlə hərbçimiz şücaətinə görə təltif olundu. Bu, həm onların qəhrəmanlığının təsdiqi, həm də gələcək nəsillərə bir örnəkdir. Həmçinin dövlət başçımızın 31 iyul 2023-cü il tarixli digər bir Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi təsis edilməsi də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün artıq Cəbrayıl dirçəlir. İlk köç karvanlarının şəhərə gəlişi Böyük Qayıdış proqramının real nəticəsidir. Yeni salınan yaşayış massivləri, bərpa olunan məktəblər və sosial obyektlər göstərir ki, Cəbrayıl tezliklə Cənubi Qafqazın ən müasir şəhərlərindən birinə çevriləcək. Cəbrayıl zəfəri Azərbaycanın iradəsinin sarsılmazlığını nümayiş etdirdi. Bu gün həmin zəfərin üzərində yeni həyat qurulur.” – deyə millət vəkili fikirlərini tamamlayıb.


media-728x90banner

Bənzər xəbərlər