media-91

Qurban bayramı həm paylaşmaq, həm də ehtiyacı olan insanlara diqqət və qayğı göstərmək bayramıdır. Xüsusilə şəhid ailələrinə təqdim olunan bayram sovqatı dövlətin və cəmiyyətin həmin ailələrə hörmətinin göstəricisi sayılır. Ancaq Cəlilabad Rayon İcra Hakimiyyətinin şəhid ailələrinə göndərdiyi ətlə bağlı ortaya çıxan görüntülər ciddi narazılıq yaradıb.

 XALQ bildirir ki, yayılan videogörüntülərdə göndərilən ət istifadəyə yararsız vəziyyətdə olması, ətin göyərdiyi, qoxu verdiyi, hətta qurdladığı görünür. Ən acınacaqlısı isə budur ki, bu paylar məhz şəhid ailələrinə göndərilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, guya isti hava və çatdırılmadakı gecikmə səbəbindən bəzi paylarda problem yaranıb. Lakin bu açıqlama inandırıcı deyil. Çünki 1-2 saatlıq gecikmədə ətin qurdlaması mümkün deyil. Qida təhlükəsizliyi ilə bağlı ən sadə bilgisi olan insan belə bilir ki, ətin qurdlaması üçün müəyyən zaman keçməlidir. Yayılan görüntülərdə də vətəndaşlar açıq şəkildə bildirirlər ki, həmin ət təzə deyil, ən azı 4-5 gün əvvəl kəsilmiş ətə bənzəyir.

Burada əsas sual yaranır, sovqatlar üçün ayrılan vəsait hara gedib?
Tenderi kim udub, nə qədər vəsait ayrılıb, hesabatlılıq varmı?

Qeyd edək ki, ölkənin rayon icra hakimiyyətləri Qurban bayramı ilə bağlı tenderlər keçirib və bu məqsədlə yüz minlərlə manat vəsait ayrılıb. Amma nəticədə şəhid və imkansız ailələrə keyfiyyətsiz, istifadəyə yararsız məhsul göndərilməsi ciddi məsuliyyətsizlik və hörmətsizlikdir.

Əgər ayrılan büdcə düzgün xərclənsəydi, şəhid ailələrinə normal, təzə və keyfiyyətli qurban payı çatdırmaq mümkün idi. Görünən isə odur ki, bəzi məmurlar üçün əsas məsələ insanların razılığı deyil, ayrılan vəsaitin necə və harada “əriməsidir”.

Şəhid ailələri bu ölkənin ən həssas təbəqəsidir. Onlara göstərilən münasibət dövlətin və cəmiyyətin vicdan göstəricisidir. Belə bir vəziyyətdə məsul şəxslərin “isti hava” bəhanəsi ilə məsələdən yayınmağa çalışması qəbulolunan deyil.

Cəmiyyət artıq bu cür hadisələrdən yorulub. İnsanlar bir dəfə də olsun icra hakimiyyətlərinin doğrudan da nümunəvi addım atmasını görmək istəyir. Şəhid ailələrinə göndərilən sovqat hörmət əlaməti olmalıdır, biabırçılıq nümunəsi yox. Bizimesr.com

 


media-728x90banner

Bənzər xəbərlər