Cənubi Qafqaza sülh, barış təminatçısı olan Azərbaycan….
“ABŞ-nin ikinci şəxsinin – vitse-prezident Ceyms Vensin regiona, xüsusilə, Azərbaycana səfəri tarixi hadisədir. Düşünürəm, gələcəkdə bu addımların, görüşlərin, imzalanan sənədlərin təsirləri, dinamikaları yeni gerçəkliklər formalaşdırdıqca mənzərə daha da aydın görünəcək, daha böyükmiqyaslı məqsədlər reallaşmış olacaq. İlk növbədə, buna diqqəti çəkək ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin geosiyasi statusunu və çəkisini artırıb. 2025-ci ilin avqustun 8-də Vaşinqton Zirvəsi gerçəkləşdi və tarixi qələbəmizin legitimliyinin tanınması hadisəsi baş verdi. Bayden Administrasiyası dövrü qələbəmizin müəyyən səviyyədə bağlı qapılar arxasında qəbuledilməzliyi, ona qarşı addımlar, həmçinin açıq müstəvidə “xristian dini irsinin qorunması” adı altında ermənilərin üzərinə çəkilən hüquq müdafiə, yaxud siyasi zireh arxa planda daha geniş strategiyaların hazırlandığından xəbər verirdi. Bu, 1990-cı illərdə Qorbaçova Qarabağın Ermənistana birləşməsinə kömək göstərmək istəyən keçmiş Amerika liderlərinden fərqlənməyən xəttdir. İlham Əliyev Donald Trampın ehtiramına, şəxsiyyət miqyasının böyük olmasına, lider qətiyyəti ilə yanaşı qlobal layları tərpədən Qarabağ qələbəsinə görə daha geniş səviyyədə layiq görüldü. İndi beynəlxalq təhlükəsizlik böhranı yaşanan reallıqda Amerikanın rəhbəri yeddi dəfə öz sosial media hesabında Azərbaycan Prezidentinə simpatiyasını ifadə etdi. Bu, görülməmiş hadisə idi. Miqyaslar fərqli olduğundan bu məsələdə ölkəmizin və onun liderinin xeyirinə olan vəziyyəti ikiqat dəyərləndirməliyik. Bu kontekstdə 9-11 fevral tarixlərində Ceyms Vensin regiona səfəri qələbəmizin, Amerikanda imzalanan sənədlər və onların gerçəkləşməsi istiqamətində qısa müddətdə atılan addımların bilavasitə nəticəsi idi. Xatırlayırsınızsa, 8 avqust hələ strateji xartiyanın bağlanması ilə bağlı işçi qrupu yaradılmasına başlanılmışdı. O cümlədən digər istiqamətlərdə də planlar mövcud idi. Ölkə rəhbəri bir neçə dəfə açıqlamasında bildirmişdi ki, dörd nümayəndə heyəti Amerikada səfərdədir. Nəticə etibarilə, gördüyünüz kimi, mühüm addımlar atılıb. Ən sonda ABŞ-nin böyük biznes elitası Vensin səfərindən öncə ölkəmizə təşrif buyurdular. Burada bir sıra dairələrin planları iflasa uğradı”.
Bu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z.Oruc qeyd edib ki, “Freedom House” ilk olaraq məhbuslar üzərindən prosesə təsir göstərməyə çalışdılar: “İkincilər Ermənistanda Xankəndindən gedən, amma çox az sayda şəxslər müxtəlif plakatlar qaldırdılar, şüarlarla çıxış etdilər, diqqət cəlb etməyə çalışdılar ki, yüz min köçkünün qayıdışı ilə bağlı dövlətimizə təzyiq göstərsinlər. Üçüncülər isə insan haqları və demokratiya məsələsi üzərindən hazırda istintaq altında olan şəxslərin mövzusunu qabartmağa çalışdılar ki, gündəliyi dəyişdirsinlər. Dördüncülər Vensin yüksək ehtiramını, davranışlarındakı sadəliyi, Şəhidlər Xiyabanını ziyarətini, bir sözlə, xalqımızın mübarizəsini, iradəsini, qətiyyətini, bütövlük uğrunda savaşını, Azərbaycanın torpaq bütünlüyünə, siyasi suverenliyə ehtiramını zədələmək üçün, həm də ölkədə İran ətrafında yaşanan gərginlik fonunda əlavə mövzuları dövriyyəyə gətirdilər. Bir qismi söylədi ki, bu guya İran amili ilə də bağlıdır. Buna görə başqaları Vensin çıxışında Prezident İlham Əliyevi Trampla birlikdə türklər və İsraillə münasibətləri ən yüksək səviyyədə saxlayan lider kimi qiymətləndirməsi, həmçinin ölkədə və onun dünya çapında olan nüfuzuna xoş münasibəti, hər bir bədən jestində, insani yanaşmalarında, ailəvi görüşlərdə nümayiş olunan ehtiramı, bütün prinsiplərə yüksək səviyyədə əməl olunması bir çox qüvvələri narahat etdi. İndi bir qismi guya ki Vensin adının tələffüzü, başqaları isə onun çıxışında məlum ifadə ilə bağlı təhrif olunmuş, son dərəcə yanlış və heç bir gerçəkliyi özündə daşımayan mövzuları dövriyyəyə çıxarıb. Həqiqətən də, bu sənədlərdə nəinki “demokratiya”, USAİD-in mövcud olduğu dövrdəki kimi ölkəmizə təzyiq, diktat dili, hakimiyyət dəyişikliyi istəkləri, bilavasitə hansısa konkret qüvvələrin himayədarlığı, görüşlərdə onlara geniş yer verilməsi reallaşsaydı, təsəvvürünüzə gətirə bilərsiniz ki, qeyd etdiyimiz qüvvələr Amerika rəhbərliyində olan ikinci şəxsin – perspektivdə daha böyük planlar üzərində olan liderin görüşünə necə münasibət göstərərdilər. ABŞ-nin vitse-prezidenti Dik Çeyni 2008-ci ildə Rusiya-Gürcüstan savaşından sonra bölgəyə gəlmişdi. O dövrdə İlham Əliyev qətiyyət göstərərək qonşu ölkənin xilasında mühüm rol oynadı. Beş Avropa dövlətinin rəhbəri Gəncəyə təyyarə ilə eniş edərək oradan xüsusi maşın karvanı ilə Tiflisə getmişdi. Bütün Abxaziya-Osetiya ətrafında yaranan böhran çözülmüşdü. O dönəmdə belə Çeyni Vens kimi daha strateji addımlar ataraq ölkəmizin suverenliyinə, o cümlədən bütövlüyünə münasibət göstərə bilməmişdi. Müqayisənin bütün parametrləri üzrə bu səfərə qarşı olan qüvvələr məğlub oldular. Hesab edirik ki, artıq yeni sülh erasında Amerikanın regiona gəlişi, xartiyada ifadə olunduğu kimi ABŞ-nin regionda sülhdə maraqlı olması, bunun çoxmeyarlı investisiyaları möhkəmləndirəcəyini bəyan etməsi və TRİPP layihəsinin gerçəkləşməsi üçün açıq addımlar atılması göstərir ki, gündəliyi irəli aparmışıq. Tranzit məhdudiyyətlər ortadan qalxmaqla yanaşı, artıq neft resurslarının Ermənistana ixracı həyata keçirilir. Bütün bunlar sübut edir ki, bu həm də dediyimiz mübarizənin məğzində, nüvəsində sülhə qarşı dayanan qüvvələrin fəaliyyətidir. Burada xeyli təxribatçılar mövcuddur. Təəssüf ki, onlar daxili informasiya gündəliyinə müəyyən qədər təsir edir, insanları çaşdırmağa çalışırlar. Strateji xətt isə dəyişilməzdir. Prezident İlham Əliyevin və Donald Trampın bilavasitə müəyyənləşdirdiyi, bölgə dövlətlərinin mənafeyinə zərbə vurmayan, əksinə, Cənubi Qafqaza sülh, barış gətirən, düşmənçiliyin aradan qalxması perspektivinə, strategiyasına xidmət edən bu addımlar çox önəmlidir, dövlətimiz üçün ayrıca məna daşıyır. Amerika-Azərbaycan münasibətləri yeni bir mərhələyə daxil olur. Buna görə də radikal qüvvələr bu münasibətlərin heç bir cinahında yer qazanmadıqları üçün belə aqressiv ritorikaya əl atırlar”.










