Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkə diplomatiyasının tarixində mühüm dönüş nöqtəsi oldu. Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar təkcə Cənubi Qafqaz üçün deyil, həm də qlobal geosiyasi müstəvidə Azərbaycana mühüm üstünlüklər yaratdı.

İllərlə davam edən gərginlikdən sonra Ağ Evdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişi paraflandı. Bu sənəd Qarabağ münaqişəsini tamamilə tarixə qovuşdurdu, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq miqyasda bir daha təsdiqlədi, ölkəmizin regiondakı mövqeyini hüquqi və siyasi baxımdan möhkəmləndirdi.

Bunu açıqlamasında Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, sazişin ən mühüm hissələrindən biri Zəngəzur dəhlizi (TRIPP) ilə bağlıdır. TRIPP layihəsi çərçivəsində Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək. Bu, təkcə Azərbaycan üçün iqtisadi üstünlük deyil, həm də ölkəmizin Mərkəzi Asiya – Avropa nəqliyyat dəhlizindəki lider rolunu möhkəmləndirəcək.

Azərbaycan Prezidentinin bu səfəri iki ölkə münasibətlərində strateji tərəfdaşlıq dövrünün başlanğıcı oldu. ABŞ tərəfindən Azərbaycanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirildi, SOCAR ilə Amerika enerji şirkətləri arasında əməkdaşlıq haqqında mühüm müqavilələr imzalandı. Bununla yanaşı, ABŞ Konqresində illərdir müzakirə olunan 907-ci düzəlişin tamamilə ləğvi də səfərin siyasi nailiyyətlərindən biri kimi tarixə düşdü.

Vaşinqtonda imzalanan saziş nəticəsində Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişdi. ABŞ-ın regionda fəal mövqeyi Rusiya və İranın təsirini zəiflətdi, Azərbaycanın beynəlxalq müttəfiqlər şəbəkəsi genişləndi. Bu, ölkəmizin gələcəkdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha sabit mühitdə inkişaf etməsinə şərait yaradacaq.

Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında texnologiya, kənd təsərrüfatı, enerji və təhlükəsizlik sahələrində bir neçə iri layihə üzrə razılıqlar da əldə olundu. Amerika şirkətlərinin Azərbaycana investisiya marağı artdı, bu isə yeni iş yerləri, müasir texnologiyaların ölkəyə gətirilməsi və qeyri-neft sektorunun inkişafı deməkdir.

Prezident İlham Əliyevin ABŞ səfəri göstərdi ki, Azərbaycan artıq yalnız regionun deyil, qlobal siyasətin də mühüm oyunçusudur. Dövlətimizin başçısının prinsipial mövqeyi, diplomatik məharəti və milli maraqları qətiyyətlə müdafiə etməsi beynəlxalq aləmdə ölkəmizə olan hörməti artırdı. Vaşinqtonda imzalanan sülh sənədi həm xalqımız, həm də bütün Türk dünyası üçün qürur mənbəyi oldu.

Bu səfər Azərbaycanın diplomatik tarixində əsl uğur nümunəsidir. Səfərin nəticəsi olaraq Zəngəzur dəhlizi reallaşma mərhələsinə keçdi, Azərbaycan–ABŞ münasibətləri strateji səviyyəyə yüksəldi, regionda güc balansı ölkəmizin xeyrinə dəyişdi, iqtisadi inkişaf üçün geniş perspektivlər açıldı.

“Bu uğurlar bir daha sübut edir ki, Azərbaycan milli maraqlarını qorumaqda və onları beynəlxalq müstəvidə təmin etməkdə qətiyyətlidir. Prezident İlham Əliyevin ABŞ səfəri yalnız bugünkü siyasi gündəm üçün deyil, həm də gələcək nəsillər üçün əhəmiyyət daşıyan strateji qələbədir”, – deyə J.Əliyeva vurğulayıb.


media-728x90banner

Bənzər xəbərlər