media-sai

 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuata bəyanatı zamanı xüsusi vurğulanan əsas istiqamətlərdən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi oldu. Bu layihə təkcə regional nəqliyyat təşəbbüsü deyil, həm də Cənubi Qafqazın siyasi-iqtisadi transformasiyasını şərtləndirən strateji platformadır. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə paralel olaraq TRIPP-in təqdim olunması göstərir ki, Azərbaycan–ABŞ münasibətləri artıq qlobal logistik və enerji təhlükəsizliyi kontekstində formalaşır.

Orta Dəhliz və Azərbaycanın geostrateji mövqeyi artıq uzun illərdir ki, Şərq ilə Qərb arasında etibarlı körpü funksiyasını yerinə yetirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz son illərdə qlobal təchizat zəncirlərinin şaxələndirilməsi fonunda daha da aktuallaşıb. Ukrayna müharibəsi və beynəlxalq ticarət marşrutlarında yaranan qeyri-müəyyənlik Orta Dəhlizin əhəmiyyətini artırmışdır.

TRIPP layihəsi Orta Dəhlizin yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər. Bu layihə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Ermənistan və digər regional tərəfdaşların iştirakı ilə multimodal tranzit sisteminin qurulmasını nəzərdə tutur.

Sülhün iqtisadi təminat mexanizmi barədə Prezident İlham Əliyev bəyanatında qeyd etdiyi kimi, Azərbaycan Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırmış və neft məhsullarının təchizatına başlamışdır. Bu, siyasi sülhün iqtisadi əsaslarla möhkəmləndirilməsi modelidir.

Tarix göstərir ki, iqtisadi inteqrasiya sülhün ən dayanıqlı təminat mexanizmlərindən biridir. TRIPP layihəsi məhz bu prinsipə əsaslanır. Region ölkələrinin qarşılıqlı asılılığının artması münaqişə risklərini minimuma endirir. ABŞ-ın TRIPP layihəsinə siyasi dəstəyi layihənin beynəlxalq legitimliyini və investisiya cəlbediciliyini artırır. ABŞ yalnız siyasi vasitəçi kimi deyil, həm də qlobal kapital və texnologiya mənbəyi kimi prosesdə iştirak edir.

Bu, Cənubi Qafqazın geosiyasi balansında yeni dinamika yaradır. Azərbaycan artıq regional deyil, Avrasiya miqyasında strateji logistika mərkəzinə çevrilir. Azərbaycanın enerji infrastrukturu Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TANAP və TAP artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. TRIPP bu enerji marşrutlarını yeni logistika xətləri ilə tamamlayır. Kritik mineralların Orta Dəhliz vasitəsilə daşınması perspektivi isə qlobal yaşıl transformasiya kontekstində xüsusi əhəmiyyət daşıyır. TRIPP yalnız dəmir yolu və avtomobil yolu layihəsi deyil. Xartiyada qeyd olunduğu kimi, quru, dəniz və hava nəqliyyatının inteqrasiyası, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal məlumat axınlarının təşkili layihənin əsas komponentləridir. Azərbaycanın Ələt Azad İqtisadi Zonası bu prosesdə mühüm rol oynaya bilər. Regional inteqrasiya və gələcək perspektiv TRIPP layihəsi Cənubi Qafqazı tranzit mərkəzinə çevirə, region ölkələrinin ÜDM artımını sürətləndirə və yeni investisiya axını yarada bilər. Beləliklə, Prezident İlham Əliyevin bəyanatında vurğulanan TRIPP təşəbbüsü təkcə nəqliyyat layihəsi deyil, yeni regional iqtisadi modeldir.

Şahin Seyidzadə

Milli Məclisin deputatı

 


media-728x90banner

Bənzər xəbərlər