media-ceyh
1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir tarixində taleyüklü dönüş nöqtəsi, tərəqqi və intibahla səciyyələnən yeni dövrün başlanğıcıdır. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev respublikanın ali siyasi rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilmişdir. Bu təyinat formal kadr dəyişikliyi olmayıb, o dövrdə dərin sosial-iqtisadi çətinliklərə baxmayaraq, böyük potensiala və zəngin imkanlara malik olan Azərbaycanın durğunluqdan çıxarılaraq hərtərəfli inkişaf yoluna istiqamətləndirilməsi ilə nəticələnən strateji islahatların başlanğıcı olmuşdur. Bu hadisənin tarixi köklərini və əhəmiyyətini tam dərk etmək üçün 1960-cı illərin sonlarında Azərbaycan SSR-də mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi mühiti dərindən bilmək vacibdir. Tarixin həmin məqamında respublika, sözün əsl mənasında, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. İqtisadiyyatın demək olar ki, bütün sahələrində, xüsusən də ənənəvi aparıcı sahə hesab olunan neft sənayesində və aqrar sektorda mənfi meyllər hökm sürürdü. Milli gəlirin həcminə, sənaye və kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan Sovet İttifaqının digər respublikaları arasında geridə qalanlardan idi. 1965-ci ildə SSRİ üzrə sənaye məhsulu istehsalı 1960-cı illə müqayisədə 65 faiz artdığı halda, Azərbaycanda bu artım cəmi 41 faiz olmuşdu. Kənd təsərrüfatı isə tənəzzül içində idi. Məhsuldarlıq son dərəcə aşağı düşmüş, idarəetmədəki pərakəndəlik və səriştəsizlik bu sahəni tamamilə iflic vəziyyətinə salmışdı. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalata demək olar ki, tətbiq edilmirdi, iqtisadiyyat köhnəlmiş metodlarla idarə olunurdu. İqtisadi çətinlik əhalinin sosial vəziyyətinə birbaşa mənfi təsir göstərir, cəmiyyətdə gərginliyi artırırdı. İctimai-siyasi mühit də xoş təəssürat yaratmırdı, rüşvətxorluq, vəzifədən sui-istifadə kimi neqativ hallar geniş vüsət almışdı. Belə mürəkkəb tarixi şəraitdə respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmaq, xalq təsərrüfatında köklü islahatlar aparmaq və cəmiyyəti mənəvi cəhətdən sağlamlaşdırmaq qabiliyyətinə sahib qətiyyətli, güclü iradəyə və dərin zəkaya malik liderin hakimiyyətə gəlməsi obyektiv zərurətə çevrilmişdi. Bu tarixi zərurət, Heydər Əliyev kimi şəxsiyyətin respublika rəhbərliyinə gəlişini şərtləndirən əsas amil oldu.
Heydər Əliyevin yüksək vəzifəyə təyin olunması təsadüfi deyildi. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, fitri istedadı, dövlət təhlükəsizliyi orqanlarındakı prinsipial və uğurlu fəaliyyəti mərkəzi hakimiyyətin diqqətindən yayınmamışdı. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olan Heydər Əliyev 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında xidmətə başlamış, qısa zamanda özünü bacarıqlı əməliyyatçı və təşkilatçı kimi sübut etmişdir. Vəzifə pillələrində sürətlə irəliləyərək 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə təyin olunmuş və general-mayor rütbəsi almışdır. Heydər Əliyevin DTK-ya rəhbərliyi dövrü, ilk növbədə, bu strateji əhəmiyyətli qurumun milliləşdirilməsi ilə yadda qalmışdır. Uzun illər ərzində azərbaycanlı kadrlara etimad göstərilməyən bu sahədə siyasi lider, milli kadrların yetişdirilməsinə, onların məsul vəzifələrə irəli çəkilməsinə nail oldu və bununla da sovet təhlükəsizlik sistemində mövcud olan stereotipləri qırdı. Onun rəhbərliyi altında DTK respublikada baş alıb gedən korrupsiya, dövlət əmlakının talanması və digər neqativ hallara qarşı qətiyyətli mübarizə aparırdı. Kremldə artıq onun respublikadakı real vəziyyətə dərindən bələd olduğu, mövcud problemlərin kökünü bildiyi və onları aradan qaldırmaq üçün sərt tədbirlər görməyə qadir olduğu barədə aydın təsəvvür formalaşmışdı. Bu keyfiyyətlər 1969-cu ilin yayında Azərbaycan KP MK-nın ovaxtkı birinci katibi Vəli Axundovun vəzifədən azad edilməsi məsələsi gündəmə gəldikdə Heydər Əliyevin namizədliyini ön plana çıxardı.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu işinə başladı. Plenumda təşkilati məsələyə baxılaraq Vəli Axundov tutduğu vəzifədən azad edildi və plenum iştirakçılarının yekdil qərarı ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Seçimin bu cür olması Azərbaycanın gələcək onilliklər üçün inkişaf vektorunu müəyyən edən tarixi qərar idi. Müstəqilliyimizin memarının hakimiyyətə gəlişi cəmiyyətdə böyük ümidlər yaratdı, insanlar onun qətiyyətində, iradəsində və idarəçilik bacarığında tənəzzüldən qurtuluş yolunu görürdülər. Heydər Əliyev etimadı doğrultmaq üçün dərhal fəaliyyətə başladı. Onun rəhbərliyi ilə respublika həyatında köklü islahatlar, genişmiqyaslı quruculuq və milli intibah dövrü başladı. 1969-cu il avqustun 5-də keçirilən Mərkəzi Komitənin plenumundakı proqram xarakterli nitqi ilə dahi dövlət xadimi, qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirdi. Bu çıxışda respublikanın sosial-iqtisadi həyatında mövcud olan dərin problemlər, idarəetmədəki nöqsanlar, korrupsiya və sui-istifadə halları böyük cəsarətlə, açıq şəkildə tənqid edildi və bu neqativ hallara qarşı ümumxalq mübarizəsi elan olundu. Bu, sovet reallığı üçün misli görünməmiş addım idi və bütün İttifaqda geniş rezonans doğurdu. Heydər Əliyevin rəhbərliyi altında 1969-1982-ci illəri əhatə edən və Azərbaycan tarixinin qızıl dövrü kimi səciyyələndirilən möhtəşəm quruculuq erası başlandı.
Bu dövrdə həyata keçirilən məqsədyönlü və kompleks siyasət nəticəsində Azərbaycan qısa zamanda mövcud çətinlikləri ardan qaldıraraq güclü sənaye potensialına malik, dinamik inkişaf edən ölkəyə çevrildi. Sənayenin inkişafına xüsusi diqqət yetirilirdi. Yüzlərlə yeni müasir texnologiyalarla təchiz edilmiş sənaye müəssisəsi tikilib istifadəyə verildi. Bakıda Məişət Kondisionerləri Zavodu, Dərin Dəniz Özülləri Zavodu, Sumqayıtda Kompressor Zavodu, Gəncədə “Büllur” Zavodu kimi nəhəng müəssisələr bu illərdə yaradılaraq respublikanın sənaye simasını tamamilə dəyişdi. Mövcud müəssisələr modernləşdirildi, istehsalın strukturu şaxələndirildi. Nəticədə Azərbaycan 350-dən çox adda məhsulu dünyanın 65 ölkəsinə ixrac etməyə başladı. Sənaye istehsalının həcmi 2.7 dəfə artdı. Əgər 1969-cu ilə qədər Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi illərdə müəssələrin sayı 1048-ə çatdırıldı. Eyni zamanda, aqrar sektor da özünün intibah dövrünü yaşayırdı. Heydər Əliyevin təşəbbüsü ilə İttifaq hökuməti tərəfindən Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı bir neçə xüsusi qərar qəbul edildi. Bu qərarlar əsasında respublikanın aqrar sektoruna böyük həcmdə investisiyalar yönəldildi, genişmiqyaslı meliorasiya və irriqasiya işləri aparıldı, kənd təsərrüfatının maddi-texniki bazası kökündən gücləndirildi. Nəticədə pambıqçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıqda misilsiz nailiyyətlər əldə edildi. Azərbaycan hər il rekord məhsul göstəriciləri ilə İttifaqda ön sıralara çıxdı. İqtisadi yüksəlişlə paralel olaraq, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində də böyük uğurlar qazanıldı. Bakı şəhəri sürətlə böyüyür, yeni yaşayış massivləri, prospektlər, möhtəşəm memarlıq ansamblları yaranırdı. Bu gün paytaxtımızın simasını bəzəyən Heydər Əliyev Sarayı, “Gülüstan” sarayı kimi nadir memarlıq inciləri həmin dövrün bəhrəsidir.
Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyətinin ən fundamental istiqamətlərindən biri də milli ruhun oyanışına, milli özünüdərkin formalaşmasına yönəlmiş siyasəti idi. Sovet ideologiyasının sərt çərçivələrinə və məhdudiyyətlərinə baxmayaraq, əbədi lider Azərbaycan xalqının milli maraqlarını, dilini, mədəniyyətini və tarixini qətiyyətlə qoruyur və təbliğ edirdi. Bu siyasətin zirvəsi 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyası oldu. Ulu Öndərin sarsılmaz iradəsi və prinsipial mövqeyi sayəsində Moskvanın ciddi təzyiqlərinə rəğmən, Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu, o dövr üçün qəhrəmanlığa bərabər addım idi və gələcək müstəqilliyimizin hüquqi və mənəvi təməllərindən birini yaratdı. Eyni dərəcədə digər mühüm xidməti isə müstəqil Azərbaycanın gələcəyi üçün yüksəkixtisaslı milli kadr potensialının yaradılması idi. Onun təşəbbüsü və birbaşa himayəsi ilə hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən qabaqcıl ali məktəblərinə, o cümlədən hərbi akademiyalara təhsil almağa göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində müxtəlif sahələr üzrə peşəkar nəsil formalaşdı ki, onlar da sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında və idarə olunmasında həlledici rol oynadılar. Bu strategiyanın ən parlaq təzahürlərindən biri də 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması oldu. Lisey gələcək Azərbaycan Ordusunun milli zabit kadrları ilə təmin olunması üçün möhkəm bünövrə qoydu və onun məzunları Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Heydər Əliyev hələ o zamanlar deyirdi: “Qarşımızda çox böyük vəzifə dayanır və biz milli hərbi kadrlara malik olmasaq, bunu gələcək nəsillər bizə bağışlamaz”. Bu sözlər dahi dövlət xadiminin nə qədər uzaqgörən strateq olduğunu bir daha sübut edir.
1969-cu il 14 iyulda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi respublikanın tarixində həqiqətən də dönüş nöqtəsi oldu. Görkəmli siyasi liderin rəhbərliyi ilə keçən on üç il ərzində Azərbaycan tənəzzül və durğunluqdan xilas olaraq Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildi. Bu illərdə yaradılan güclü iqtisadi, elmi-texniki, mədəni və kadr potensialı, xalqda oyadılan milli mənlik şüuru və özünəinam hissi sonrakı onilliklərdə, xüsusən də XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və onu qoruyub saxlaması üçün möhkəm zəmin yaratdı. Bu tarix, bir liderin xalqının taleyində oynaya biləcəyi müstəsna rolun, uzaqgörən siyasətin və fədakar əməyin milləti necə yüksəlişə apara biləcəyinin canlı və əbədi nümunəsidir.
Ceyhun Məmmədov
Millə vəkili

media-728x90banner

Bənzər xəbərlər