Ceyhun Məmmədov:”Azərbaycanın tarixi zəfəri və yeni reallıqları”
“Prezident İlham Əliyevin sentyabrın 19-da imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si ölkəmizdə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu anti-terror əməliyyatı keçirərək, 24 saatdan az bir müddətdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Qarabağ məsələsini birdəfəlik həll etdi”.
Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov Dövlət Suverenliyi Gününün qeyd edilməsini şərh edərkən deyib.
Deputat bildirir ki, bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri şanlı tariximizi unutmamaq və gələcək nəsillərə ötürməkdir: ““Tarix təkrarlanır” fikrini tez-tez işlədirik. Hesab edirəm ki, tarix xalqlar onu unudanda təkrarlanır. Eyni zamanda, tarix onu unudanları heç zaman bağışlamır və zaman-zaman cəzalandırır. Tarixin təkrarlanmaması və bizi yenidən cəzalandırmaması üçün hər birimiz çox çalışmalıyıq. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir çox aspektdən xüsusi önəm daşıyır. Bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi və “güclü Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan qaldırdı. Ermənilər əslində İrəvanı, Zəngəzuru və sonrakı dövrdə Qarabağı işğal etdilər. Düşünürdülər ki, onlar uzun illər bizim bütün ərazilərimizi işğalda saxlaya biləcəklər. Amma Azərbaycan həyata keçirdiyi tədbirlərlə bu prosesin qarşısını qəti şəkildə aldı və bütün dünyaya göstərdi ki, Ermənistan bu ərazilərdə insanlıq əleyhinə cinayətlər törədib, ərazilərimizi dağıdıb”.
C.Məmmədov qeyd edir ki, Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı: “Bütün dünya Azərbaycanın bu qələbəyə necə nail olması barəsində müzakirə aparır. Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi və xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan Vətən müharibəsində çox böyük və tarixi qələbə qazandı. Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə itirilmiş torpaqlarımızı geri qaytardıq. Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi. Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi. Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə, orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin, həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi.
Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan anti-terror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu anti-terror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi.










