Ciddi ucuzlaşma gözlənilmir
Azərbaycanda kəsimxanalarda iribuynuzlu heyvan kəsiminə subsidiya və vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsədin həm bu sahədə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi, həm də sanitariya və qida təhlükəsizliyi standartlarına uyğun kəsim prosesinin genişləndirilməsi olduğu bildirilir. Bu addım qeyri-rəsmi kəsimlərin azalmasına və bazarda daha şəffaf mexanizmlərin formalaşmasına təsir göstərə bilər.
Ekspertlərə görə, yeni qərar mənşəyi bilinməyən və xəstə heyvan ətlərinin satışa çıxarılmasının qarşısını alacaq. Dövlətin əsas hədəfi əhalini keyfiyyətli məhsulla təmin etməkdir. Layihənin kağız üzərində qalmaması üçün davamlı monitorinqlər aparılmalı, kəsimxanalar real olaraq gigiyenik qaydalara uyğun fəaliyyət göstərməlidir. Bu yanaşma yerli heyvandarlıq sektorunu inkişaf etdirərək ölkəni idxal asılılığından qurtara bilər.
Bəs bu yenilik qiymətə necə təsir göstərəcək?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli mövzu ilə bağlı fikrini bildirib:
“Subsidiya və vergi güzəştləri ilk növbədə qəssabxanaların xərclərini azaltmağa kömək edə bilər. Bu da sahibkarların fəaliyyətini genişləndirməsinə və rəsmi qəssab xidmətlərindən istifadənin artmasına şərait yaradar. Nəticədə kəsim prosesinin maya dəyəri müəyyən qədər aşağı düşə bilər. Lakin bu addımın ət qiymətlərində dərhal və ciddi ucuzlaşma yaratması gözlənilmir. Çünki ətin qiymətinə yem xərcləri, heyvan sayının vəziyyəti, nəqliyyat, əmək haqqı və bazardakı tələb kimi digər amillər də təsir edir”.
Bununla belə, iqtisadçı hesab edir ki, qeyri-rəsmi kəsimlərin azalması, məhsulun izlənilə bilməsi və bazarda rəqabətin artması uzunmüddətli dövrdə qiymət artımlarının müəyyən qədər məhdudlaşmasına kömək edə bilər:
“Eyni zamanda qida təhlükəsizliyi və sanitariya standartlarının yüksəlməsi istehlakçılar üçün daha keyfiyyətli və təhlükəsiz məhsul təklifinin genişlənməsinə şərait yaradar”.










