“Çox gözəl şəhərlərimiz yerlə-yeksan oldu” – Haluk Levent
“Təhlükəsiz və gözəl şəhərlər belə bir gün böyük fəlakətlərlə üzləşə bilər. Biz bunu Türkiyədə iki ildə yaşadıq. Çox gözəl şəhərlərimiz yerlə-yeksan oldu. Meşə yanğınları, sel və zəlzələ kimi fəlakətlər baş verdi”.
Bu sözləri Türkiyənin məşhur müğənnisi Haluk Levent WUF13 çərçivəsində deyib.
O bildirib ki, belə vəziyyətlərdə texniki və logistika baxımından ciddi çətinliklər ortaya çıxdı:
“Dünyanın bir çox yerindən bizə yardım göstərmək istədilər. Lakin beynəlxalq yardımların çatdırılması prosesində böyük maneələr yarandı. Xaricdəki dostlarımız və yardım təşkilatları ölkəmizə yardım göndərərkən bu proses bəzən bir-iki ay çəkirdi.
Məhz bu səbəbdən, mayın 28-29-da Birləşmiş Millətlər Təşkilatında bu mövzu ilə bağlı müəyyən təşəbbüslərimizi təqdim edəcəyik.
Biz blokçeyn texnologiyası əsasında yeni bir yardım şəbəkəsi yaratmağa çalışırıq. Məqsədimiz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yardım təşkilatlarının “HLF Chain” platforması vasitəsilə bir-birinə daha sürətli və səmərəli şəkildə dəstək göstərə bilməsidir. Ümid edirəm ki, bu təşəbbüs uğur qazanacaq və birlikdə daha effektiv yardım sistemi quracağıq”.
Açıqlamalardan sonra Haluk Levent WUF13 iştirakçıları üçün konsert proqramı ilə çıxış edib.










