“David Seliverstov”un anası rus çıxdı, qapısından Çingiz Qənizadəyə hücum edən isə kriminal şəbəkənin “sənəd sexi”ni işlədirmiş!
Sosial şəbəkələrdə canlı efirlərə çıxıb qurban rolu oynamaq, kamera arxasından hədə-qorxu gəlmək və hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmağa çalışmaq bəzi kriminal elementlərin vərdiş etdiyi köhnə taktikadır. Vətəndaşın (Müdafiə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisinin qardaşı Nəsimi Məmmədovun) 90 min dollarını (153 min manat) dələduzluq yolu ilə mənimsəyən, ifşa olunub cinayət məsuliyyətindən yayınmaq üçün xaricə qaçaraq “David Seliverstov” psevdonimi altında gizlənən residivist Kazım Abbasovun ətrafındakı pərdə günbəgün qalxır.
Musavat.com-un araşdırmaları göstərir ki, ortada sadəcə fərdi dələduzluq əməli deyil, mütəşəkkil cinayətkar şəbəkənin iş birliyi durur.
Çoxşaxəli kriminal dosye – həbslər və maddələr
Xaricdə oturub özünü “beynəlxalq hüquq müdafiəçisi” kimi qələmə verən Kazım Abbasovun arxasında zəngin kriminal keçmiş dayanır. O, sıradan bir “fəal” deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır maddələri ilə dəfələrlə məhkumluq həyatı yaşamış təhlükəli residivistdir.
Onun dosyesində Cinayət Məcəlləsinin dələduzluq (178) özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə mənimsəmə; Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310) – Özünü hüquq-mühafizə orqanı əməkdaşı və ya beynəlxalq təşkilat nümayəndəsi kimi təqdim etmə; Rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə(320) – Saxta vəsiqələr, arayışlar və dövlət blankları hazırlama; Narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər var.
Gənclik illərində Şağandakı Cəzaçəkmə Müəssisəsinin qarşısında göstərdiyi “səhnəciklərdən” başlayaraq müxtəlif illərdə məhkumluq yaşayan Kazım Abbasov ifşa olunduqdan sonra cəzasızlıq mühiti yaratmaq üçün şantaj və təhdid üsullarına əl atıb.
Dələduzluq ifşa olundu, pul qaytarıldı, şantaj başladı
Keçmiş idarə rəisi Nizami Məmmədovun cəzasını yüngülləşdirəcəyi vədi ilə qardaşından aldığı 90 min dolları 8 ay boyunca mənimsəyən residivist Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu, özəlliklə Çingiz Qənizadə və mətbuat tərəfindən ifşa edildikdən sonra panikaya düşərək ölkədən qaçıb. Məsələnin böyüdüyünü görəndə isə Bakıdakı adamları (Şəlalə və Asif) vasitəsilə avqustun 8-də həmin 90 min dolları sahibinə qaytarmaq məcburiyyətində qalıb. Bununla da kifayətlənməyərək xaricdən hüquq müdafiəçisi Novella Cəfəroğluna zəng edərək “canlı efirdə canıma qəsd edəcəyəm” hədəsi ilə ifşaedici materialların dayandırılmasını xahiş edib. İfşanın davam etdiyini gördükdə isə monitorinq qrupunun rəhbəri Çingiz Qənizadəni, onun övladını, məsələni peşəkarlıqla araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadəni və araşdırma aparan media orqanlarını acizanə şəkildə hədələməyə başlayıb.
“Sənəd sexi” və təcridxana dostu Mehman Qasımov
Bu ilin avqustunda Çingiz Qənizadənin ifşaedici bəyanatlarından sonra Kazım Abbasovun ofisi qarşısında təşkil olunan “etiraz” aksiyası xüsusi diqqət çəkdi. Kazım Abbasovun öz ssenarisi əsasında qurulmuş bu aksiyada özünü “Davidin təsadüfi tanışı” kimi qələmə verən, lakin birbaşa Çingiz Qənizadəni və monitorinq qrupunu hədəf alan şəxslərdən biri Mehman İdris oğlu Qasımov idi. Şər-böhtan kampaniyası ilə hüquq müdafiəçilərini geri çəkilməyə məcbur etmək istəyən bu “fədakar dost”un tərcümeyi-halı araşdırıldıqda hər şey öz yerini alır. Məlum olur ki, Mehman Qasımov vaxtilə Yasamal rayonu ərazisində törətdiyi cinayətlərə görə yolu Bakı İstintaq Təcridxanasından düşüb. Mehman Qasımovun Kazım Abbasovla tanışlığı və “iş birliyi” də elə təcridxana divarları arasından başlayır. Mehman Qasımovun bu şəbəkədəki əsas funksiyası sənəd bazası yaratmaqdır. O, illərlə Kazım Abbasova lazımi məqamlarda təqdim etmək üçün rəsmi blanklar, şəxsiyyət vəsiqələri və digər dövlət sənədlərini təşkil etməklə faktiki olaraq şəbəkənin “sənəd maşını” rolunu oynayıb.
“ASAN xidmət”də ifşa olunan saxta arayış
Şəbəkənin son dövrdəki ən böyük maxinasiyalarından biri Kazım Abbasova “David Seliverstov” adı altında yeni kimlik qazandırmaq cəhdi olub. Ad və soyadın rəsmi qaydada dəyişdirilməsi üçün məhkəməyə edilən müraciətə imtina qərarı verildikdən sonra proses qanundankənar müstəviyə keçirilib.
Daxil olan məlumata görə, Kazım Abbasov şəxsiyyət vəsiqəsini yeniləmək və ya almaq üçün Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət edib. Lakin mərkəzdən ona bildirilib ki, təqdim etdiyi sənəd rəsmi elektron sistemdə mövcud deyil – sırf əldə dövriyyəyə buraxılan fiziki kağız parçasıdır. Həmin kağız parçası üzərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Abşeron rayon şöbəsi tərəfindən 01.09.2022-ci il tarixində veriməsi göstərilib. Kağız parçası “ASAN xidmət” 302 nömrəli arayış kimi təqdim olunub. Arayış haqda məlumat sistemə daxil edildikdə isə bəlli olub ki, sistemdə belə bir arayış yoxdur, həmin arayışın kim tərəfindən hazırlandığı bilinmir!
Bu səbəbdən Sumqayıt “ASAN xidmət” mərkəzi Kazım Abbasova yeni şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Məqsəd isə məhkəmənin əvvəlki imtina qərarını dolanaraq, kötüyü böyük şübhə doğuran bu cür baza sənədləri ilə yeni soyadı rəsmiləşdirmək olub. Lakin bu mümkün olmayıb.
“Yəhudi” mifinin çökməsi: Anası rus çıxdı
“David Seliverstov” – Kazım Abbasova aid doğum haqqında şəhadətnamə isə onun anasının yəhudi olması haqda yalanını ifşa edir. Abbasov Kazım Elşən oğlunun adına çıxarılan həmin şəhadətnamədə onun doğum tarixi və yeri 26 mart 1988-ci il, Bakı şəhəri göstərilir. Valideynləri qrafasında atası Abbasov Elşən Əkbər oğlunun milliyyəti azərbaycanlı, anası Seliverstova Yana Yakovlevnanın milliyyəti isə rus olaraq göstərilir. Yəni ortada heç bir yəhudi mənşəyi də yoxdur! Kazım Abbasovun atası azərbaycanlı, anası rusdursa, onun yəhudi olması təbii ki, mümkünsüzdür. Bu, özü haqda saxta kimlik, şəcərə quraşdırmaq cəhdindən başqa bir şey deyil.
Qrupun yeni sığınacağı və Rövlanə Heydərova faktoru
Tandemin hazırkı sənəd hazırlama mərkəzi “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən kirayə ofisdir. Mehman Qasımov burada Rövlanə Heydərova ilə birlikdə fəaliyyət göstərir.
Rövlanə Heydərovanın qrupa daxil olması da təsadüfi deyil. O, 2025-ci ildə “Magen David Azərbaycan”a hüquqi xidmət almaq adı altında “David Seliverstov”a müraciət edib. Qısa müddətdə tərəflər arasında yaranan sıx əlaqələr müntəzəm görüşlərlə – Kazım Abbasovun “Sabah Residence” kompleksindəki mənzilində və Rövlanə Heydərovanın “Elmlər” yaxınlığındakı evində davam edib.
Nəticə etibarilə, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupuna qarşı təşkil edilən hücumların arxasında müstəqil fəallar deyil, təcridxana keçmişi olan, sənəd saxtalaşdırılması, dələduzluq və hədə-qorxu ilə məşğul olan mütəşəkkil bir kriminal dəstə dayanır.










