Deputat: ” Ayıbdır, Vallah!”
Müalicə müəsisəsində hər gün müxtəlif təbəqənin nümayəndələri ilə görüşürük, söhbət edirik və onların şikayətini dinləməli oluram. Birinci olaraq, müəllimlərin və onların əsasında öz düşüncələrimi bölüşüm.
Müəllimlərin sertifikatlaşdırılması və onların təhsildən uzaqlaşdırılması ilə bağlı ciddi narahtlığımı ifadə etmək istəyirəm. Kəsib atman, doğrayıb-tökmək, uçurmaq, əzmək, yıxmaq və dağıtmaq dünyada ən asan işlərdir. Gəlin asanın dalınca qaçmaq yolunu yok, qurub-yaratmaq yolunu tutaq. Müstəqilik dövrünün ilk illərinin gətirdiyi və yaratdığı bütün günahları da ancaq və ancaq vətəndaşların üzərinə atmayın, cənablar.
Bu gün 30 yaşında iş üçün müraciət edən şəxsə az qalırlar desinlər ki, yaşın çoxdur. İndi siz indi orta yaşlı müəllimi çıxdaş etməklə onun bütün dünyasını yıxmış olursunuz. O, haradan iş tapacaq? Pensiya almağa getsə, kişilərə deyəcəklər ki, 65 yaşın yoxdur, qadınlara da 63 yaş 6 ay tamam olmayıb.
Çıxış yolu var.
Sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edin. Qoy biliklərini, metodoloji və pedaqoji bilik və bacarıqlarını artırsınlar. Niyə kəsib atırsınız? Niyə ən asan yolu seçirsiniz? Bu ixtiyarı sizlərə hiç kim verməyib. Sizə deyilib ki, nizam-intizam, qayda-qanun və yüksək təhsil qurun. Kim ki, dərs almayacaq, hazırlaşmayacaq, kurslara gəlməyəcəksə, o zaman buyurun qərarınızı verin.
Eşidin təklifləri, eşidin səsləri, eşidin narazılıqları, eşidin təhsillə bağlı danışanları! Hamını qulaqardına vurmaq, saya salmamaq, dinləyib öz bildiyini etmək yaxşı hal deyil. Heç kim “universal soldat” deyil. Gərək bir-birimizi eşidək və normal təkliflərə də açıq olaq. Hər kəs öz bildiyini həqiqət və doğru yol bilib edərsə, ölkə xaos olar ki.
Bu günə qədər onlarla dəfə təhsillə bağlı ağrılı məsələlərə fikir bildirmişəm və tribunadan sələndirmişəm. Bu qədər laqeyd və soyuq olmayın. Sonra özünüz yaratdığınız problemlərin altında qala bilərsiniz.
Məsələlər:
– müəllimlərin sertfikatlaşdırılması zamanı uğursuzluğa düçar olan müəllimləri təkrar əlavə kurslara və təlimlərə cəlb edin.
– Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən şəxslərin diplomunu tanıyın. Bir daşı daş üzərinə qoyanda yüz nəfər tökülür, necə olur ki, şəhərin mərkəzində on il fəaliyyət göstərib diplom paylayan ali təhsil məktəblərini görən olmayıb?
– Standartlara uyğunluğu əsas gətirib ianə ilə tikilən məktəb, uşaq bağcası və digər analoji tikintilərin yolunu açın. Siz deyən standartlarda heç 3-4 faiz tikili yoldur. Ona fokuslaşsaq, gərək bir əsr də gözləyək. Ayıbdır, Vallah!
Razi Nurullayev
Milli Məclisin deputatı










