Deputat: “Azərbaycan müstəqil siyasəti ilə seçilir”
Azərbaycan regionun və dünyanın ən güvənli ölkələrindən birinə necə çevrildi…
Milli Məclisin Gənclər və idman, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Mahir Süleymanlı bildirib ki, Azərbaycan sabit və inkişaf etməkdə olan, müstəqil siyasət aparan ölkə dünyada seçilən ölkələrdəndir. Bu nailiyyətin təməlində Ulu öndər Heydər Əliyev siyasətinin çox böyük məharətlə son 21 ildə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi dayanır: “Son 21 ildə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan sosial-iqtisadi sahədə böyük uğurlar əldə edib. Bu dövr ərzində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritet olmuş, neft gəlirlərinin dayanıqlı inkişaf məqsədləri üçün istifadəsi təmin edilib. Azərbaycanın enerji sahəsindəki uğurları, xüsusilə “Əsrin müqaviləsi” əsasında formalaşan enerji strategiyası ölkəni yalnız regionda deyil, həm də dünya miqyasında etibarlı enerji tərəfdaşına çevirib. Cənub Qaz Dəhlizi çərçivəsində TANAP və TAP kimi layihələr Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. Bu dövrdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində müasir infrastrukturun qurulması, yolların, körpülərin, xəstəxanaların, məktəblərin və digər sosial obyektlərin tikilməsi əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizədək azaldılması və işsizlik səviyyəsinin aşağı salınması Prezident İlham Əliyevin sosial siyasətinin uğurlu nəticəsidir. Azərbaycan həmçinin ictimai-siyasi sabitlik baxımından mühüm uğurlar əldə etmiş, bu da ölkənin inkişafının əsas sütunlarından biri olub. Dövlət başçısının uzaqgörən siyasəti və xalqla qarşılıqlı etimadı, həmçinin sabit bir mühitin yaradılması daxili və xarici təhdidlərin qarşısını almağa imkan verib.
Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir. Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanı istismara verildikdən sonra Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və irimiqyaslı layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir”.
Deputat qeyd etdi ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,7 dəfə artıb. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir: “Ötən 21 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3700 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf tam təmin olunub. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 72 milyard dolları keçib. Bu dövr ərzində ölkəmizdə sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarından çoxdur və onlardan 200 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Beynəlxalq arenada Azərbaycan müstəqil siyasəti ilə seçilir. Qoşulmama Hərəkatına sədrlik çərçivəsində ölkəmizin pandemiya dövründə göstərdiyi qlobal həmrəylik nümunəsi Azərbaycanı beynəlxalq aləmdə daha da tanıdıb. Azərbaycanın müasir dövrdə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, həmçinin COP29 və digər mötəbər konfransların keçirilməsi ölkəmizin dünya miqyasında imicini daha da möhkəmləndirib. Ən əsası Prezident İlham Əliyev bütün fəaliyyəti boyu xalqına arxalanıb, xalqının maraqlarını hər şeydən üstün tutub. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi sayəsində Azərbaycan son 21 ildə sabitlik və inkişaf modeli kimi dünya səviyyəsində nüfuz qazanan bir dövlətə çevrilib”.










