“Ermənistanın və onun ən yaxın havadarı Fransanın Laçın yolu ətrafında siyasi şousu davam etməkdədir. İndi də Fransadakı erməni lobbi təşkilatlarının xahişi ilə Parisin meri Fransanın regional icmalarına müraciət edib ki, onlar Qarabağa “humanitar yük” karvanı göndərsinlər. Bununla beynəlxalq ictimaiyyət arasında “Azərbaycan Qarabağda ermənilər yaşayan ərazidə humanitar böhran yaradıb” fikrini yaratmaq istəyirlər. Belə rəy formalaşdırmaq istəyirlər ki, Qarabağdakı ermənilər çox ciddi “humanitar böhran”la üz-üzə qalıblar. Guya vəziyyət o qədər gərginləşib ki, Fransa “humanitar yük” karvanını ermənilərə göndərir. Bu, siyasi şoudan başqa bir şey deyil”.

Bu sözləri  Milli Məclisin deputatı Elman Nəsirov Qarabağ ətrafında baş verən prosesləri şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, diqqətdən yayınmayan məsələlərdən biri də Fransa Prezidentinin Azərbaycan Prezidentinə telefonla zəng edib, Laçın yolunda yaranmış vəziyyətdən narahat olduğunu bildirib: “Cənab Prezident İlham Əliyev isə konkret faktlara və tutarlı arqumentlərə söykənməklə bildirib ki, heç bir humanitar böhrandan söhbət gedə bilməz. Ölkə başçımız qeyd edib ki, Azərbaycan Ermənistanla belə bir razılaşma əldə etmişdi ki, Ağdam-Xankəndi yolu ilə humanitar xarakterli yüklərin daşınması reallaşdırılsın. Amma Ermənistan bu razılaşmadan imtina etdi və Laçın yolu ətrafında şousunu həyata keçirməyə başladı”.

“Cənab Prezident bildirdi ki, artıq Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Xankəndiyə humanitar yük karvanı göndərib və Ağdam-Xankəndi yolu ilə istənilən humanitar yük daşına bilər. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Amma göründüyü kimi, Fransa öz oyununu oynayır, ermənipərəst siyasətini, xislətini növbəti dəfə nümayiş etdirir. Bir daha deyim ki, əslində Fransadakı ermənilər də, fransız siyasətçilər və məmurlar da çox gözəl bilirlər ki, Qarabağda humanitar böhran yoxdur. Bu, Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmaq, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Hesab edirəm ki, bunlar nəticə verməyəcək. Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin prinsipial və qəti mövqeyi var və bu mövqedən geri çəkilmə olmayacaq”, – millət vəkili fikrini yekunlaşdırıb.


media-728x90banner

Bənzər xəbərlər