“Şuşa şəhərində keçirilən Qlobal Media Forumu möhtəşəmliyi ilə bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin iştirak etdiyi tədbirin Milli Mətbuat gününə təsadüf etməsi dünya mediasının da marağını artırmışdı. Qeyd etmək yerinə düşər ki, qəhrəman Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. İlk dəfə idi ki, dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Şuşada bir araya gəlmişdi.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Forumda çıxışı zamanı toxunduğu məsələlər, həmçinin regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı fikirləri önəmli idi: “Dövlət başçısının Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. İlham Əliyev regionun gələcəyi ilə bağlı hədəfləri göstərdi, strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi məsələlərinin ön planda dayandığını bildirdi.

Xüsusi olaraq qeyd edildi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı perspektivlər açır. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Azərbaycanın hazırkı inkişaf modelini dünyaya bir daha təqdim etdi”.


media-728x90banner

Bənzər xəbərlər