Deputat Məşhur Məmmədov şəhid ailələri ilə görüşdü
Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümü ərəfəsində 74 saylı Masallı Seçki Dairəsinin deputatı Məşhur Məmmədov torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarlarını ailə üzvləri ilə birgə ziyarət edib.
Deputat YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev və köməkçiləri ilə birgə Şıxlar İnzibati Ərazi Dairəsində yerləşən I və II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb.
Görüş zamanı şəhid ailələrinin dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan razı qaldıqları vurğulanıb. Ailələr bu qayğını dövlətimizin ali məqsədi – Vətən uğrunda canından keçənlərin əziz xatirəsini uca tutmaq missiyasının davamı kimi dəyərləndiriblər.
Millət vəkili Məşhur Məmmədov qeyd edib ki, şəhid ailələrinə və qazilərimizə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqəti Masallıda da ardıcıl şəkildə həyata keçirilir:
“Şəhid ailələrinə dəstək olmaq, onların qayğısına qalmaq bizim borcumuzdur. Bu ziyarətlər bizə həm güc, həm də məsuliyyət verir.”
Sonda şəhidlərin ruhuna dualar oxunub, ailələrə səbir və möhkəmlik arzulanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
















