Deputat: Tərəflərin onları da maraqlandıran məsələlərə necə münasibət bildirəcəyi diqqətlə izlənildi”
“Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin görüşü dünyanın diqqət mərkəzindədir. Soçidəki tarixi görüşdən sonra bütün dünyanın maraqla gözlədiyi ikitərəfli əməkdaşlıq, eləcə də “Taxıl Müqaviləsi” ilə bağlı məsələlərin yer aldığı görüşün təfərrüatları dünyanın siyasi arenasında əsas müzakirə mövzusu olaraq qalır. Görüş həm də Türkiyənin nəinki regionda, həm də dünyada oynadığı önəmli rolu bird aha qabarıq şəkildə ortaya qoydu. İkitərəfli görüşdə “Taxıl Müqaviləsi”, təbii qaz sahəsində əməkdaşlıq kimi məsələlər müzakirə edilib. Türkiyənin sülh diplomatiyasına uyğun olaraq Qərb ölkələri ilə Rusiya arasında vasitəçi rolu bir daha gündəmə gəlmişkən, Prezident Ərdoğan mövzu ilə bağlı yeni təkliflər paketi hazırlandığını açıqladı. Putinlə Ərdoğanın görüşündə iki liderin səmimi dialoqu diqqət çəkdi. Türkiyə ilə Rusiya arasındakı müsbət əlaqələr Qərb dairələrini gərginlikdə saxladı, tərəflərin onları da maraqlandıran məsələlərə necə münasibət bildirəcəyi diqqətlə izlənildi. Soçi görüşü həm də Türkiyə və Rusiyanın yenilənmiş regional siyasətini təqdim etdi”. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, Soçi görüşündə ötən il Türkiyənin vasitəçiliyi ilə imzalanan müqavilənin uzadılması ilə yanaşı Cənubi Qafqazda 30 il davam edən müharibənin sona çatdırılması da müzakirə olundu: “Müharibə 3 ilə yaxındır ki, aktiv fazasını geridə qoyub. Bu gün sülh müqaviləsinin imzalanması üçün Azərbaycan məğlub Ermənistanla müxtəlif platformalarda müzakirələr aparır. Amma Ermənistanın sahibləri o qədər çoxdur ki, İrəvan ona sarı uzanan sülh təkliflərinə çevik reaksiya verə bilmir, öz ağaları ilə müzakirələr aparır ki, bu da vaxt itkisinə səbəb olur. Məsələ burasındadır ki, Ermənistanın ipini tutan dövlətlərin də öz maraqları var və bu maraqlar regionda sülhün bərqərar olmasını əngəlləyir. Əks təqdirdə Azərbaycan tərəfinin iki il bundan əvvəl Ermənistana təklif etdiyi 5 baza prinsipindən ibarət sülh müqaviləsi qəbul edilərdi. Halbuki, həmin şərtlər beynəlxalq qayda və prinsiplərə tam olaraq uyğun gəlir. Ermənistanın bundan imtina etməsi isə heç bir çərçivəyə sığmır. Dünya ölkələri bu yanaşmaya görə rəsmi İrəvana təzyiq etmək, ona qarşı müxtəlif cəza tədbirləri də həyata keçirmək əvəzinə biz bunun əksini görürük. Bəzi ölkələr Ermənistanın və separatçıların uydurduğu qondarma “humanitar fəlakət” oyununa inanıb Azərbaycana təzyiq etməyə uğursuz cəhdlər edirlər. İnanırıq ki, ikitərəfli Soçi görüşündə də Türkiyə və Rusiya liderlərinin birgə qərarı münaqişənin həllində dönüş yarada biləcək”.










