Deputat: “Xalqa xidmətin yeni mərhələsi dövlət idarəçiliyində məsuliyyət və etimadın birliyini ehtiva edir”
“Cənab Prezident İlham Əliyevin yeni təyin olunmuş rayon icra hakimiyyəti başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər müasir dövlət idarəçiliyinin ideoloji əsaslarını bir daha ortaya qoydu. Dövlət başçısının məmurlara ünvanladığı mesajın mərkəzində xalqa xidmət anlayışı dayanır. “İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” çağırışı əslində Azərbaycanın dövlət idarəçiliyinin fəlsəfəsini ifadə edir. Bu, yalnız inzibati tapşırıq deyil, həm də mənəvi borc və məsuliyyət prinsipidir. Cənab Prezidentin “böyük etimad göstərilir və bu etimadı doğrultmaq lazımdır” fikri göstərir ki, yeni təyinatlar sadəcə kadr dəyişiklikləri deyil, həm də yeni düşüncə tərzinin nümayişidir. Bu gün ölkədə şəffaf, məsuliyyətli, vətəndaşla təmasda olan idarəetmə modeli formalaşır və bu prosesin başında şəxsən dövlət başçısı özü dayanır.”
Bunu açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Millət vəkili daha sonra Ölkə Prezidentinin çıxışında xüsusilə iki əsas istiqaməti ön plana çəkərək bunları deyib: “Korrupsiyaya qarşı qəti mübarizə və sosial ədalətin təmin olunması. Cənab Prezident İlham Əliyev öz çıxışında məhz bu iki məqamı heç də təsadüfən xüsusi vurğulamadı. Məsələ bundadır ki, bu istiqamətlər bir-birini tamamlayır, çünki dövlət idarəçiliyində şəffaflıq yalnız sosial ədalətin bərqərar olduğu şəraitdə mümkün ola bilər. Prezident açıq şəkildə bəyan etdi ki, əyri yola gedən heç bir məmur cəzasız qalmayacaq. Bu, həm məsuliyyətli dövlət qulluqçularına stimul verir, həm də cəmiyyətə inam aşılayır. Məmurların təvazökar davranışına, ailə üzvlərinin etik davranışına qədər diqqət yetirilməsi göstərir ki, cənab Prezident idarəçiliyi təkcə iqtisadi və inzibati deyil, həm də mənəvi məsuliyyət müstəvisində qiymətləndirir. Məhz bu yanaşma sayəsində Azərbaycanın dövlət idarəçiliyi sistemində sağlamlaşma prosesi artıq dönməz xarakter alır. Dövlət başçısının bölgələrin inkişafı ilə bağlı vurğuladığı məsələlər isə Azərbaycanın iqtisadi dirçəliş xəritəsini tam aydın şəkildə əks etdirir. Elektrik enerjisi, yollar, içməli su, sosial obyektlər, kənd təsərrüfatı və turizm sahəsində həyata keçirilən layihələr regionlarda həyat səviyyəsini köklü şəkildə dəyişib. Cənab Prezident İlham Əliyev artıq bu mərhələdə əsas məqsədin “keyfiyyət və dayanıqlılıq” olduğunu qeyd edir. Yəni məqsəd sadəcə obyekt tikmək deyil, insan rifahını təmin edən uzunmüddətli sistem qurmaqdır. Ekoloji tarazlığın qorunmasından tutmuş iş yerlərinin artırılmasına qədər bütün istiqamətlərdə cənab Prezidentin diqqəti insan amili üzərində cəmlənib. Bu çıxış, əslində, Azərbaycanın gələcək inkişafının yol xəritəsidir. Dövlətlə xalqın birliyi, məsuliyyətlə etimadın qovuşduğu bir mərhələnin proqramı” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.










