Dövlət Proqramları uğurla icra olunur
Yanvarın 12-si Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının müzakirəsi bir daha göstərdi ki, su məsələsi artıq təkcə kommunal xidmət çərçivəsində deyil, milli təhlükəsizlik, ictimai sağlamlıq və sosial rifah kontekstində qiymətləndirilir”.
Bunu deputat Göydəniz Qəhrəmanov deyib.
O bu proqramın zamanın çağırışlarına vaxtında verilən cavab olduğunu qeyd edib:
“Son illər iqlim dəyişiklikləri, intensiv yağıntılar və sürətli urbanizasiya fonunda Bakı və Abşeronda mövcud infrastrukturun yüklənməsi açıq şəkildə hiss olunur. Bu reallıq fonunda su itkilərinin azaldılması, kanalizasiya və yağış suları şəbəkələrinin yenilənməsi, subasma risklərinin minimuma endirilməsi artıq alternativsiz məsələyə çevrilib.
Bu proqramın əsas üstünlüklərindən biri onun kompleks və sistemli yanaşma üzərində qurulmasıdır. Burada boruların dəyişdirilməsi, yeni kollektorların çəkilməsi, su ehtiyatlarının səmərəli idarə olunması, ətraf mühitin qorunması və şəhər sakinlərinin həyat keyfiyyətinin dahada yüksəldilməsi məqsədini daşıyır. Bu isə dövlət siyasətinin sosialyönümlü mahiyyətini bir daha təsdiqləyir”.
Parlamentari proqram vasitəsilə Bakı və Abşeronda su ilə bağlı problemlərin aradan qalxacağını əlavə edib:
“Xüsusilə vurğulamaq istəyirəm ki, tullantı və yağış sularının düzgün idarə olunması həm ekoloji tarazlığın qorunması, həm də şəhər infrastrukturunun davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hər güclü yağışdan sonra yaranan problemlər göstərir ki, bu sahədə gecikmələrə yol vermək olmaz. Dövlət Proqramı bu boşluqları aradan qaldırmaq üçün real və konkret mexanizmlər təqdim edir. Əminliklə deyə bilərəm ki, bu Dövlət Proqramının uğurlu icrası Bakı və Abşeronun su imkanlarını dəyişəcək, şəhər mühitini daha təhlükəsiz, daha sağlam və daha tədarüklü edəcək. Bu, sadəcə infrastruktur layihəsi deyil – bu, insana, gələcəyə və ölkənin dayanıqlı inkişafına yönəlmiş strateji qərardır”.










