Dövlətimizin uğurlarına kölgə salan məmurlar isə…..
“Söyüşü ölkə siyasətinə Əli Kərimov və onun ətrafındakılar gətirib”.
Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün formalaşan söyüş müxalifəti də məhz Əli Kərimovun “xidmətlərinin” nəticəsində ortaya çıxıb:
“Hazırda xaricdə oturub mənəviyyatını və vicdanını 5 manata satan bir qrup şəxs dövlətimizi ləkələməyə çalışan bəzi beynəlxalq təşkilatların əlində “kukla” rolunu oynayır. Azərbaycanın uğurlu inkişafına qara yaxanlar elə zənn edirdilər ki, bu əxlaqsızlıqları ilə öz istəklərinə nail olacaqlar. Ancaq onların bu “arzusu” hər zaman olduğu kimi yenə də ürəklərində qalacaq.
AXCP sədri Əli Kərimli və onun ətrafı illərdir ki, dövlətimizə, xalqımıza xəyanət ediblər. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının əsas günahkarı Azərbaycan Xalq Cəbhəsidir. Çünki onlar 90-cı illərin əvvəllərində qanunsuz yollarla hakimiyyətə gəlib, dövlət çevrilişi etməsəydilər torpaqlarımız işğal altına düşməyə bilərdi. O vaxt Azərbaycan Xalq Cəbhəsi və onun rəhbərliyinin tək məqsədi ancaq öz ciblərini doldurmaq idi. Çünki düşünürdülər ki, pul gücünə hakimiyyətlərinin ömrünü uzada biləcəklər”.
Deputat vurğulayıb ki, təəssüf ki, söyüş müxalifətini maliyyələşdirənlər təkcə dövlətimizin uğurlarına kölgə salmağa çalışan beynəlxalq təşkilatlar deyil, həm də bəzi məmurlardır:
“Kimliyindən və vəzifəsindən, səlahiyyətlərindən asılı olmayaraq ölkəsinə xəyanət edən bütün məmurlar ifşa edilməli və qanunla ən ağır şəkildə cəzalandırılmalıdır. Şəxsi mənafeyi üçün bu cür çirkin oyunda iştirak edənlər vətən xainləridir. Söyüş müxalifətinə maliyyə ayıran məmurlar ifşa edilməli və qanunla ən ağır şəkildə cəzalandırılmalıdırlar”.











