Dövlətin strateji dayağı və gələcəyə aparan əsas qüvvə
Gənclər hər bir dövlətin strateji kapitalı, cəmiyyətin intellektual və mənəvi dayağı, milli inkişafın aparıcı qüvvəsidir. Tarixi təcrübə göstərir ki, güclü gəncliyə malik olan xalqlar daim inkişaf etmiş, öz dövlət müstəqilliyini qorumuş və gələcəyə inamla addımlamışdır. Bu baxımdan Gənclər Günü yalnız bayram deyil, həm də gənc nəslin cəmiyyət qarşısında daşıdığı məsuliyyətin, dövlətin isə gənclərə olan etimadının ifadəsidir. Müasir dövrdə gənclərdən gözləntilər əvvəlki mərhələlərlə müqayisədə daha çoxşaxəli və daha dərindir. Qloballaşma, rəqəmsal transformasiya, geosiyasi proseslər və informasiya müharibələri şəraitində gənclərin üzərinə düşən vəzifələr yalnız fərdi inkişafla məhdudlaşmır, milli maraqların qorunmasını da ehtiva edir. Azərbaycan Respublikasında gənclər siyasəti müstəqillik dövrünün ən uğurlu və ardıcıl dövlət siyasətlərindən biridir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandıraraq onların cəmiyyət həyatında fəal rol almasını daim ön plana çəkmişdir. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, “Biz gənclərimizlə fəxr edirik və Azərbaycanın gələcəyini onlara etibar edirik.” Bu fikirlər sadəcə bəyanat deyil, konkret dövlət proqramları, gənclər üçün yaradılan imkanlar və onların idarəetmədə irəli çəkilməsi ilə təsdiqlənir. Gənclərin dövlət qurumlarında, ictimai təşkilatlarda, könüllülük hərəkatında və beynəlxalq platformalarda fəal iştirakı bu siyasətin real nəticəsidir. Gənclərdən gözlənilən birinci və əsas keyfiyyət vətənpərvərlikdir. Vətənpərvərlik yalnız torpağı sevmək deyil, dövlətin maraqlarını qorumaq, milli birliyə töhfə vermək və ölkənin inkişafına xidmət etməkdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Vətənpərvər gənclik olmadan güclü dövlət qurmaq mümkün deyil.” 44 günlük Vətən Müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, dövlətə sədaqətinin və fədakarlığının parlaq nümunəsi oldu. Bu tarixi Qələbə gənclərin milli ruhda yetişdirilməsinin nə qədər vacib olduğunu bir daha sübut etdi. Müasir dünyada bilik ən güclü silahdır. Gənclərdən gözlənilən əsas tələblərdən biri də elmə, təhsilə və innovasiyaya açıq olmaqdır. Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirərək bildirmişdir: “Bu gün dünyada rəqabət bilik üzərində qurulub. Azərbaycan gənci bilikli, savadlı və peşəkar olmalıdır.” Gənclərimiz bu gün olduğu kimi, sabah da yalnız yerli deyil, beynəlxalq səviyyədə rəqabət aparacaq bilik və bacarıqlara sahib olmalı, ölkəmizin intellektual potensialını gücləndirməlidirlər. Cəmiyyətin inkişafı fəal və məsuliyyətli gənclərsiz mümkün deyil. Sosial layihələrdə iştirak, könüllülük fəaliyyəti, humanitar təşəbbüslər gənclərin liderlik keyfiyyətlərini formalaşdırır. Dövlət başçısı vurğulamışdır ki, “Fəal gənclik sağlam cəmiyyətin əsas göstəricisidir.” Hüquqi dövlət quruculuğunda gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Qanunlara hörmət, hüquq və vəzifələrin dərk edilməsi və vətəndaş məsuliyyəti gənclərin əsas davranış prinsipləri olmalıdır. Gənclər təkcə fiziki deyil, mənəvi baxımdan da sağlam olmaqla yanaşı, milli-mənəvi dəyərlərə sadiqlik, əxlaqi davranış və sağlam həyat tərzi güclü cəmiyyətin əsasını təşkil edir. Qloballaşan dünyada Azərbaycan gənci ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan gəncləri dünyanın istənilən ölkəsində ölkəmizi şərəflə təmsil edə bilirlər.” Elmi nailiyyətlər, idman uğurları, mədəni layihələr Azərbaycan gənclərinin potensialının göstəricisidir. Nəticə etibarilə, gənclərdən gözləntilər böyükdür, lakin bu gözləntilər gənclərə olan etimadın təzahürüdür. Güclü, müstəqil və inkişaf edən Azərbaycan məhz savadlı, vətənpərvər və məsuliyyətli gənclərin çiyinləri üzərində qurulur. Gənclər hər bir xalqın bu günü və gələcəyidir. Azərbaycanın bugünkü uğurları və sabahkı inkişafı məhz gənclərimizin biliklərindən, vətənpərvərliyindən və fəallığından asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “biz gənclərimizlə fəxr edirik və ölkəmizin gələcəyini onlara etibar edirik.” Bu etimad böyük məsuliyyət deməkdir. Gənclərimizdən gözləntilərimiz yüksəkdir: vətənə sədaqət, elmə maraq, sosial fəallıq və dövlətçilik maraqlarına sadiqlik. Əminik ki, Azərbaycan gəncliyi bu günki kimi gələcəkdə bu etimadı doğruldacaq, ölkəmizin daha da güclənməsi naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəkdir.
Şahin Seyidzadə
Milli Məclisin Deputatı










