“Dr. Aysen” həkim sertifikatı olmadan necə stomatoloq kimi fəaliyyət göstərir?
Son günlər sosial şəbəkələrdə, xüsusən də Instagram platformasında “Dr. Aysen” adı ilə fəaliyyət göstərən və özünü stomatoloq kimi təqdim edən şəxs diqqət çəkir.
XALQ xəbər verir ki, araşdırmalarımız göstərir ki, həmin şəxsin əsl adı Ayşən Əliyevadır və onun stomatologiya üzrə heç bir rəsmi ali tibbi təhsili və lisenziyası yoxdur. Bu isə birbaşa olaraq vətəndaşların sağlamlığını hədəf alan təhlükəli saxtakarlıqdır.
Diş həkimliyi — illərlə davam edən təhsil, praktika və yüksək məsuliyyət tələb edən ixtisasdır. Həkim sertifikatı və diplomu olmayan şəxslərin “həkim” adı altında fəaliyyət göstərməsi isə həm hüquqi cinayət, həm də cəmiyyətin etibarına qarşı açıq hörmətsizlikdir. Təəssüf ki, sosial şəbəkələrdə bu cür “saxta həkimlər” çox rahat şəkildə özlərinə auditoriya toplaya bilir və insanların sağlamlığı ilə oynayırlar.
Burada söhbət təkcə pul qazanmaq üçün edilən bir əməllərdən getmir. Saxta stomatoloqların əllərinə düşən hər bir pasiyent — ağır infeksiyalar, geri dönməz zədələnmələr və hətta həyati təhlükə ilə üz-üzə qala bilər.
Cəmiyyət bu cür hallara biganə qalmamalıdır. Özünü həkim kimi təqdim edən, lakin heç bir hüquqi və peşəkar əsası olmayan şəxslər dərhal ifşa edilməli, onların fəaliyyəti qanuni yolla dayandırılmalıdır.
Səhiyyə Nazirliyi bu məsələyə dərhal müdaxilə etməli, Ayşən Əliyeva barəsində təcili araşdırma aparmalı və qanuni tədbirlər görməlidir.