DTX-dan xüsusi əməliyyat
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xarici xüsusi xidmət orqanlarının ölkənin milli təhlükəsizliyinə yönələn fəaliyyətinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri çərçivəsində bir şəxsi ifşa edib.
DTX-nin məlumatına görə, Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Siyafət Fərzəliyev Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, Naxçıvan Muxtar Respublikasının sakini olan Fərzəliyev xarici ölkədə olarkən həmin dövlətin xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunub.
Bildirilir ki, o, ölkəyə qayıtdıqdan sonra xarici tərəfin tapşırıqları əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq əldə etdiyi materialları xarici xüsusi xidmət orqanlarının nümayəndələrinə ötürüb.
Aparılan baxış zamanı Fərzəliyevin yaşadığı ünvandan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri də aşkarlanaraq götürülüb.
Siyafət Fərzəliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.










