media-81
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini formalaşdırmaqla yanaşı, bütün Türk dünyasının birliyi və həmrəyliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
20–21 oktyabr 2025-ci il tarixlərində Prezident İlham Əliyevin Astanaya dövlət səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin bütün sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olundu.
Səfər zamanı ticarət, energetika, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və süni intellekt kimi sahələrdə əməkdaşlıq haqqında mühüm sənədlər imzalandı. Xüsusilə “Orta Dəhliz”in inkişafı üzrə təşəbbüslər iki ölkəni birləşdirən strateji xəttin əsasını təşkil edir. Bu layihə vasitəsilə Azərbaycan və Qazaxıstan təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında yeni tranzit və iqtisadi güc mərkəzi yaradırlar.
Azərbaycan–Qazaxıstan münasibətləri ortaq tarixi köklərə, mədəni yaxınlığa və qarşılıqlı etimada əsaslanır. İlham Əliyev və Kasım-Jomart Tokayevin görüşü bir daha göstərdi ki, bu münasibətlər yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, dərin mənəvi və strateji məzmun daşıyır.
Bu səfər zamanı vurğulanan “əbədi dostluq və tərəfdaşlıq” anlayışı iki qardaş xalq arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələrin rəmzidir. Hər iki ölkə həm regional, həm də beynəlxalq platformalarda bir-birini dəstəkləyir və ortaq maraqları müdafiə edir.
İlham Əliyevin Qazaxıstana səfəri həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının birliyinə verilən böyük əhəmiyyətin bariz təzahürüdür.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Türk xalqlarını birləşdirən əsas amillər ortaq dil, mədəniyyət, tarix və mənəvi dəyərlərdir. Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın güclənməsi bu birliyin reallığa çevrilməsində mühüm addımdır.
Bugünkü strateji tərəfdaşlıq, iqtisadi əlaqələr və qarşılıqlı siyasi dəstək Türk dünyasının inteqrasiyasını gücləndirir, onun beynəlxalq nüfuzunu artırır. Azərbaycan və Qazaxıstanın Orta Asiya–Qafqaz körpüsü rolunda çıxış etməsi isə ümumtürk məkanında sabitlik və inkişafın qarantıdır.
İlham Əliyevin Qazaxıstana səfəri dostluğun, qardaşlığın və birliyin bayramı kimi dəyərləndirilə bilər. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə iki ölkə arasında deyil, həm də Türk dünyasının ortaq gələcəyinə yönəlmiş strateji ittifaqın parlaq nümunəsidir.
“Əbədi dostluq” ifadəsi bu münasibətlərin keçici deyil, davamlı və sabit xarakter daşıdığını təsdiqləyir.
Jalə Əliyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər